Accessibility links

Amnesty International: İranda edam sayının artması qlobal göstəricini son on ilin ən yüksək səviyyəsinə çatdırıb


Amnesty International Təşkilatının yeni hesabatına görə, bütün dünyada edamlar, demək olar ki, son on ildə ən yüksək səviyyəyə yüksəlib. Bu artıma səbəb isə İranda ölüm hökmünün icrası hallarının çoxalması olub.

Mayın 29-da açıqlanan hesabatda Amnesty International, 2023-cü ildə Çində həyata keçirildiyi güman edilən minlərlə edam daxil olmaqla, ümumilikdə 1153 edamın həyata keçirildiyini bildirib. Bu da 2022-ci illə müqayisədə 30 faizdən çox artım deməkdir.

Təşkilat xüsusilə vurğulayır ki, İran ən azı 853 edam həyata keçirərək "əhalidə qorxu yaratmaq və hakimiyyəti gücləndirmək üçün" ölüm hökmündən istifadəni artırıb. Bu da əvvəlki illə müqayisədə 48 faiz çoxdur.

"Qeydə alınmış edamlardakı kütləvi artım ilk növbədə İranla bağlı olub. İran hakimiyyəti insan həyatına tam etinasızlıq nümayiş etdirir və narkotiklə əlaqəli cinayətlərə görə edamları artırıb. Və ölüm hökmü İranın ən təcrid olunmuş və yoxsul icmalarına qarşı ayrı-seçkilik təsirini daha da gücləndirib" deyə təşkilatın baş katibi Aqnes Kallamard bildirib.

O həmçinin əlavə edib ki, "Bu il, xüsusən də Yaxın Şərqdə müşahidə etdiyimiz uğursuzluqlara baxmayaraq, hələ də edam icra edən ölkələr getdikcə daha çox təcrid olunur. Bu iyrənc cəzaya qarşı kampaniyamız effektiv olub. Biz ölüm hökmünə son qoyulana qədər davam edəcəyik".

Amnesty International Təşkilatı İranı beynəlxalq hüquqa əsasən ölüm hökmü nəzərdə tutulmayan narkotiklərlə bağlı cinayətlər kimi hərəkətlərə görə "qanunsuz" həyata keçirilən yüksək sayda - ən azı 545 edam cəzasına görə qınayıb.

Təşkilat bildirib ki, edamlar İran əhalisinin cəmi 5 faizini təşkil etməsinə baxmayaraq, qeydə alınan edamların 20 faizini təşkil edən İranın Bəluc etnik azlığına “qeyri-mütənasib şəkildə təsir edib”. Hesabatda deyilir ki, azı 24 qadın və cinayət törətməkdə təqsirləndirilən zaman uşaq olan ən azı beş nəfər edam edilib.

Ümumilikdə edamların sayının daha yüksək olmasına baxmayaraq, Amnesty ölüm cəzasının tətbiqinin dayandırılması istiqamətində irəliləyiş əldə edildiyini bildirib.

Keçən il cəmi 16 ölkədə edamlar həyata keçirilib ki, bu da indiyə qədər qeydə alınan ən aşağı göstəricidir.

Təşkilat 2022-ci ildə edam icra edən Belarus, Yaponiya, Myanmar və Cənubi Sudanda ötən il heç bir edamın qeydə alınmadığını bildirib.

"Ölüm cəzasının tətbiqini göstərən ayrı-seçkilik və özbaşınalıq ədliyyə sistemlərimiz tərəfindən insan haqlarının pozulmasını daha da gücləndirib. Ondan istifadə etməkdə israr edən ölkələrin kiçik azlığı zamanla hərəkət etməli və cəzanı birdəfəlik ləğv etməlidir" deyə təşkilatın baş katibi Aqnes Kallamard bildirib.

Forum

XS
SM
MD
LG