Accessibility links

ABŞ Moldovanın Rusiyanın sabitliyi pozmaq cəhdlərinə qarşı müqavimətini artırır


ABŞ Moldovanın Rusiyanın sabitliyi pozmaq cəhdlərinə qarşı müqavimətini artırır
please wait

No media source currently available

0:00 0:02:01 0:00

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü Moldovaya səfəri zamanı Şərqi Avropa ölkəsinə Rusiyanın dezinformasiya kampaniyasına qarşı mübarizə və enerji dayanıqlığının gücləndirilməsi məqsədilə əlavə 135 milyon dollar yardım ayrıldığını elan edib.

Moldova prezidenti Maya Sandu ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin Avropa qitəsinə ciddi problemlər gətirsə də, Moldovanın ABŞ-ın köməyi ilə öz mövqeyində dayanmağa davam etdiyini bildirib.

Moldova prezidenti Maya Sandu: “Biz burada, Moldova Respublikasında sabitliyi pozmağa yönəlmiş bütün cəhdlərə baxmayaraq, sülhü, sabitliyi, sağlam ruhu qoruyub saxlaya bilmişik”.

Blinken qeyd edib ki, 2022-ci ilin fevral ayından başlayaraq ABŞ Moldovanın institutlarının gücləndirilməsi və Rusiyanın Moldovanın demokratiyaya sadiqliyini pozmaq cəhdlərinin qarşısının alınması məqsədilə 774 milyon dollar ayırıb. Bunun təxminən 300 milyonu enerji təhlükəsizliyinə yönəldilib.

ABŞ dövlət katibi Antoni Blinken: “Bu gün mən bəyan edirəm ki, enerji və kənd təsərrüfatı sektorlarında islahatlardan tutmuş dezinformasiya ilə bundan sonra da mübarizəyə qədər bu səylərin daha da inkişaf etdirilməsi məqsədilə əlavə 50 milyon dollar ayırmaq üçün Konqreslə işləyəcəyik”.

Blinken Moldovanın Rusiyadan enerji asılılığından azad olan daha çoxşaxəli iqtisadiyyata keçid istiqamətində atdığı addımlara da maliyyə dəstəyi veriləcəyini əlavə edib.

ABŞ dövlət katibi Antoni Blinken: “Biz həmçinin USAİD-in enerji infrastrukturunu dəstəkləmək üçün göstərdiyi 300 milyon dollarlıq səylərin bir hissəsi olaraq akkumulyator batareyaları, eləcə də artıq müəyyən vəsait ayırdığımız yüksək gərginlikli ötürmə xətlərinin yaxşılaşdırılmasına kömək məqsədilə 85 milyon dollar ayıracağıq.”

Xarkivda və digər bölgələrdə ukraynalıların Rusiya qüvvələrinə qarşı mübarizə aparmağa davam etdiyi vaxt Blinken və Sandu ölkələrinin Kyivi dəstəklədiyini və Moskvanın Ukraynaya qarşı təcavüzünü cəzasız olaraq davam etdirməsinə imkan verməyəcəklərini bir daha bəyan ediblər.

Forum

XS
SM
MD
LG