Accessibility links

Təbriz İnqilab Məhkəməsi 5 milli fəalın işi ilə bağlı qərar verəcək


Şərqi Azərbaycan vilayətinin Ədliyyə binası, Təbriz
Şərqi Azərbaycan vilayətinin Ədliyyə binası, Təbriz

Keçən il may ayının 18 və 21-də İran Azərbaycanında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan siyasi fəallar Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Əmani, Əlirza Səbri və Məhəmmədəli Rzayinin işi Təbriz Cinayət Məhkəməsindən bu şəhərin Ümumi və İnqilab Məhkəməsinə göndərilib.

Bölgədəki hüquq müdafiəçiləri sosial mediada Təbriz 2 saylı Cinayət Məhkəməsinin 120-ci şöbəsinin həmin siyasi fəalların dosyelərinin İnqilab Məhkəməsinə göndərilməsi ilə bağlı verdiyi qərarın surətini paylaşıblar.

Həmin məhkəmənin çıxardığı hökmdə Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Əmani və Əlirza Səbrinin işi barədə qərar vermək səlahiyyətinin olmadığı və işin Təbriz İnqilab Məhkəməsinə ötürülməsinə dair qərar verildiyi qeyd olunub.

Həmin 4 milli fəala qarşı "İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək", "daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq və ya təşəbbüs etmək", "ölkənin müxalif qruplarına üzvlük (separatçı qruplara üzvlük)" və "elektroşok cihazı saxlamaq" ittihamları irəli sürülüb.

Həmçinin Azərbaycan Öyrənci Hərəkatının (AZOH) Telegram kanalının yaydığı məlumata görə, keçən il may ayında həmin fəallarla birgə həbs edilən siyasi fəal Məhəmmədəli Rzayinin də işi Təbriz Ümumi və İnqilab Məhkəməsinə göndərilib.

Bu türk fəallar mayın 18 və 21-də Təbriz və Nadarlı qəsəbəsində həbs edilərək, təxminən bir ay müddətinə təhlükəsizlik qüvvələrinin nəzarətində saxlandıqdan sonra zaminə buraxılmışdı. Həmin həbslər 2006-cı ilin may qiyamının ildönümü ərəfəsində həyata keçirilmişdi.

Forum

XS
SM
MD
LG