Accessibility links

Tramp məhkəmə qərarı ilə bağlı apellyasiya şikayəti verəcəyini bildirir


Donald Tramp.
Donald Tramp.

Nyu York vətəndaşlarından ibarət münsiflər məhkəməsinin sabiq ABŞ Prezidenti Donald Trampı 2016-cı il prezident seçkisinin nəticələrinə təsir göstərmək cəhdi ilə əlaqədar 34 ittiham üzrə təqsirli tanımasından sonra, Tramp qərarla bağlı apellyasiya şikayəti verəcəyini bildirib.

“Bu, saxtalaşdırılmış məhkəmə idi,” cümə günü Manhettendə yerləşən Trump Tower-da müxbirlər və tərəfdarlarıdan ibarət kiçik bir qrup önündə çıxış edən sabiq prezident deyib.

Tramp 33 dəqiqə boyunca məhkəmə işi, ölkə və Prezident Co Baydenlə bağlı öncədən hazırlanmamış şikayətlər siyahısı ilə çıxış edib. Tramp – sübut irəli sürmədən – iddia edib ki, onun məhkəmə işinə sədrlik edən hakim yanlış və ədalətsiz olub və Nyu York ştatındakı məhkəmə prosesi Bayden və federal məmurlar tərəfindən təşkil edilib.

“Mən cəlb olunduğum üçün çox qürur duyuram, çünki biz Konstitusiyamız uğrunda mübarizə aparırıq,” Tramp əlavə edib.

Bayden Ağ Evdə Yaxın Şərqlə bağlı çıxışının açılışında bildirib ki, Trampla bağlı yekdilliklə qəbul edilmiş qərar münsiflər məhkəməsinin beş həftə boyunca ifadələr dinləməsindən sonra verilib və Trampa özünü müdafiə etmək üçün hər cür fürsət verilib.

“Qərarı sevmədiyi üçün kiminsə onun saxtalaşdırıldığını deməsi ehtiyatsızlıqdır, təhlükəlidir, məsuliyyətsizlikdir,” Bayden cümə günü bildirib.

12 nəfərdən ibarət münsiflər məhkəməsi cümə axşamı Trampı cinayət ittihamları üzrə təqsirli hesab olunan ilk ABŞ prezident edən qərarı açıqlamadan öncə iki gün boyunca 10 saat ərzində müzakirələr aparıb.

Tramp noyabr ayında keçiriləcək prezident seçkisində Baydenə qarşı rəqabət aparacaq Respublikaçılar partiyasından gözlənilən namizəddir. Bayden 2020-ci il seçkisində onu məğlub edib. Ancaq Tramp şərti cəza və ya dörd ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Hökmün oxunması 11 iyula təyin olunub ki, bu da iyulun 15-də keçiriləcək Respublikaçıların Milli Qurultayından dörd gün öncəyə təsadüf edir. Trampın həmin bu qurultayda rəsmən namizəd olacağı gözlənilir.

Məhkəmə qərarından dərhal sonra Trampın vəkili Todd Blanç onun ləğv edilməsini tələb etsə də, Nyu York Ali Məhkəməsinin hakimi Huan Merçan tələbi rədd edib.

Qərar elan olunarkən məhkəmə zalında az emosiya nümayiş etdirən Tramp zaldan çıxdıqdan sonra baş verənləri "rüsvayçılıq" adlandırıb.

Təqsirli bilindikdən az sonra Tramp öz seçki kampaniyasının tərəfdarlarına göndərdiyi emaildə yazıb: "Mən siyasi məhbusam!"

Tramp 2016-cı il seçkilərinin nəticələrinə qeyri-qanuni təsir göstərmək cəhdində ittiham olunurdu.

Kohen ifadəsində deyib ki, Tramp ona “sadəcə olaraq bunu etməsini” – 2016-cı il seçkisinə bir neçə gün qalmış porno-aktrisa Stormi Danielsə on il öncə Trampla bir gecəlik cinsi əlaqəsinin olduğuna dair iddiası ilə bağlı səssiz qalması üçün 130 min dollar pul ödəməsini söyləyib.

Birinə səssiz qalması üçün pul vermək qanunsuz deyil, amma Tramp 34 maddədən ibarət ittiham aktında 2017-ci ildə Kohenə Danielsə ödədiyi pul üçün etdiyi ödənişi gizlətmək üçün şirkətin biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur. Tramp həmin pulu Kohenə göstərdiyi hüquqi xidmətlər üçün ödənildiyini iddia edib. Trampın vəkilləri iddia edib ki, Kohen pulu öz iradəsi ilə və Trampın xəbəri olmadan Danielsin vəkilərinə göndərib.

Keçmiş prezident ittiham aktını bütövlükdə rədd edib.

Forum

XS
SM
MD
LG