Accessibility links

Netanyahunun köməkçisi: Baydenin Qəzza planı 'yaxşı razılaşma deyil', lakin İsrail bunu qəbul edir


İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə qarşı etiraz aksiyasında iştirak edən insanlar Fələstinin islamçı HƏMAS qruplaşmasının oktyabrın 7-də İsrailə ölümcül hücumu zamanı oğurlanan girovların azad edilməsinə çağırırlar, Tel-Əviv, 1 iyun 2024.
İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə qarşı etiraz aksiyasında iştirak edən insanlar Fələstinin islamçı HƏMAS qruplaşmasının oktyabrın 7-də İsrailə ölümcül hücumu zamanı oğurlanan girovların azad edilməsinə çağırırlar, Tel-Əviv, 1 iyun 2024.

Baş nazir Benyamin Netanyahunun köməkçisi bazar günü İsrailin Qəzzada müharibəyə son qoymaq üçün ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülən çərçivə razılaşmasını qəbul etdiyini təsdiqləyib, lakin planın qüsurlu və üzərində daha çox işə ehtiyac olduğunu bildirib.

Netanyahunun xarici siyasət üzrə baş müşaviri Ophir Falk Britaniyanın “Sunday Times” qəzetinə müsahibəsində deyib ki, Baydenin təklifi “qəbul etdiyimiz razılaşmadır, lakin bu, yaxşı razılaşma deyil, ancaq biz bütün girovların azad edilməsini çox istəyirik”.

“İşləniləcək bir çox detal var” deyə, o bildirib və “girovların azad edilməsi və HƏMAS-ın soyqırım terror təşkilatı kimi məhv edilməsi” də daxil olmaqla, İsrailin şərtlərinin dəyişmədiyini əlavə edib.

İsrailin hücumuna ilkin olaraq güclü dəstəkdən sonra əməliyyatlar zamanı mülki vətəndaşlar arasında itkilərin sayının yüksək olduğunu açıq şəkildə qınayan Bayden cümə günü Netanyahu hökumətinin müharibəni bitirməsi üçün üç fazalı planını açıqlayıb.

Bayden deyib ki, birinci mərhələ atəşkəs və HƏMAS tərəfindən saxlanılan bəzi girovların geri qaytarılması ilə nəticələnəcək, bundan sonra tərəflər qalan canlı əsirlərin azad ediləcəyi ikinci mərhələ üçün döyüşlərin müddətsiz dayandırılması barədə danışıqlar aparacaqlar.

Bu ardıcıllıq, belə görünür, HƏMAS-ın Misir və Qətərin vasitəçiliyi ilə əlavə razılaşmalarda rol oynamağa davam edəcəyini nəzərdə tutur. Bu isə potensial olaraq İsrailin İranın dəstəklədiyi islamçı qrupun məhv edilməsi kampaniyasını bərpa etmək planına ziddir.

Son bir neçə ay ərzində Bayden hər biri onun keçən cümə günü təklif etdiyi plana oxşar çərçivəyə malik bir neçə atəşkəs təklifini alqışlayıb, lakin onların hamısı uğursuz olub. Fevral ayında o, İsrailin martın 10-da başlayan müsəlmanların müqəddəs ayı olan Ramazana qədər döyüşlərə son qoymağa razı olduğunu bildirmişdi. Lakin atəşkəs baş tutmamışdı.

Əsas maneə İsrailin HƏMAS məhv edilənə qədər hərbi əməliyyatlarda yalnız müvəqqəti fasilələrin müzakirə edilməsində israr etməsidir. Geri çəkilmə əlaməti göstərməyən HƏMAS yalnız müharibəyə daimi olaraq son qoyulacağı təqdirdə girovları azad edəcəyini bildirir.

Bayden çıxışında bildirib ki, onun son təklifi HƏMAS hakimiyyətdə olmadan Qəzza üçün “daha yaxşı bir gün yaradacaq”. O, buna necə nail olunacağını dəqiqləşdirməyib və etiraf edib ki, “birinci mərhələdən ikinci mərhələyə keçmək üçün müzakirə edilməsinə ehtiyac olan bir sıra detallar var”.

Falk Netanyahunun “bütün məqsədlərimizə çatana qədər daimi atəşkəs olmayacaq” mövqeyini təkrarlayıb.

Netanyahu koalisiya hökumətini toxunulmaz saxlamaq üçün təzyiq altındadır. Koalisiyada iki ifrat sağçı tərəfdaş HƏMAS-ın xilas ediləcəyinə inandıqları hər hansı bir razılaşmaya etiraz olaraq koalisiyadan çıxmaqla hədələyiblər. Mərkəzçi tərəfdaş, keçmiş general Benny Gantz isə təklifin nəzərdən keçirilməsini istəyir.

HƏMAS Baydenin təşəbbüsünü ilkin olaraq alqışlayıb.

“Baydenin çıxışında müsbət fikirlər var idi, lakin biz bunun tələblərimizə cavab verən hərtərəfli razılaşma çərçivəsində reallaşmasını istəyirik”, HƏMAS-ın yüksək səviyyəli rəsmisi Osama Hamdan şənbə günü Əl-Cəzirə telekanalına bildirib.

HƏMAS Qəzzaya hücumun zəmanətli şəkildə dayandırılmasını, bütün işğalçı qüvvələrin çıxarılmasını, fələstinlilərin sərbəst hərəkətini və yenidənqurma işləri üçün yardım istəyir.

İsrail rəsmiləri bunu İsraili məhv etmək niyyətində olan HƏMAS-ın Qəzzanı idarə etdiyi oktyabrın 7-dən əvvəlki vəziyyətə effektiv qayıdış kimi rədd edirlər. Müharibə HƏMAS militantlarının İsrailin məlumatına görə, 1200 nəfərin ölümü və 250-dən çox insanın girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb.

Qəzzanın səhiyyə işçiləri İsrailin yoxsul və mühasirəyə alınmış sahil anklavının çox hissəsini viran edən hücumu nəticəsində 36 mindən çox fələstinlinin öldürüldüyünü bildiriblər. İsrail döyüşlərdə 290 hərbçisinin öldüyünü bildirir.

Forum

XS
SM
MD
LG