Accessibility links

Meksika ilk qadın prezidentini seçib


Bazar ertəsi səhər saatlarında açıqlanan rəsmi sürətli sayma, hakim partiyanın namizədi Klaudia Şeynbaumun Meksikadakı prezident seçkilərində qalib gəldiyini göstərib. Beləliklə o, ölkənin ilk qadın lideri seçilib.

Milli Seçki İnstitutunun rəhbəri bildirib ki, ölkə üzrə təmsil olunan statistik nümunə Mexiko şəhərinin keçmiş meri Şeynbaumun 58,3%-60,7%-ə arası səs qazandığını göstərib.

Onun əsas rəqibi, müxalifət senatoru və yerli kökləri olan iş qadını Soçitl Qalvez 26,6%-28,6%-ə arası səs toplayıb. Mərkəzçi namizəd Xorxe Alvarez Maynez isə 9,9%-10,8%-ə arası səs toplaya bilib.

Sürətli hesablama həmçinin Şeynbaumun Morena Partiyasının Meksika Konqresinin hər iki palatasında böyük səs çoxluğu qazandığını göstərib.

Sürətli sayma nəticələri elan edildikdən qısa müddət sonra tərəfdarları qarşısında danışan Şeynbaum Meksikanın 200 illik tarixində ilk dəfə olaraq qadın prezidenti olacağına görə minnətdar olduğunu bildirib.

O Meksika xalqına təşəkkür edib və səsvermə prosesinin Meksikanın demokratik ölkə olduğunu göstərdiyini deyib.

O, fiskal məsuliyyətli, korrupsiyasız, cəzasızlıqdan uzaq, ədalətli və daha firavan bir dövlət quracağına söz verib. İqlim üzrə alim olan yeni lider hökumətin enerji suverenliyi və bərpa olunan enerji üzərində işləyəcəyini bildirib.

Şeynbaum Meksikanın ABŞ-la dostluq münasibətləri quracağını da bildirib.

Qalvez tərəfdarları qarşısında çıxışında Şeynbaumua uduzduğunu qəbul edib və ölkənin ilk qadın prezidentinin seçilməsinin tarixi bir an olduğunu bildirib.

O, yeni prezidentin ölkənin üzləşdiyi ciddi problemləri həll edə biləcəyini deyib.

Təxminən 100 milyon katolik inanca sahib olan bir ölkədə Şeynbaum həm də Meksikanın ilk yəhudi əsilli prezidenti olacaq.

129 milyondan çox insanın yaşadığı, dünyanın ən çox ispandilli əhalisi olan ölkəsində 100 milyona yaxın insan səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib.

Siyasət, cinayət və korrupsiyanın bir-birinə sıx qarışdığı bir ölkədə ultra-zorakı narkotik kartelləri üstünlük verdiyi namizədlərin qalib gəlməsini təmin etmək üçün həddindən artıq səy göstəriblər.

Bazar günü səsvermənin başlamasına bir neçə saat qalmış, zorakılığın hökm sürdüyü qərb əyalətində yerli namizəd öldürülü. Rəsmi rəqəmlərə görə, o cari kampaniya zamanı öldürülən ən azı 25 digər siyasi namizəddən biri idi.

Qurbanlar "bu gün burada deyillər və bu, çox kədərlidir" deyə Qalvez səsverməyə gedərkən jurnalistlərə deyib.

Şeynbaum bu populyarlığına görə hazırkı prezident, solçu Andres Manuel Lopez Obradora borcludur. Hazır ki, prezidentin etimad reytinqinin 60%-dən çox olmasına baxmayaraq, 6 illik hakimiyyət müddəti başa çatır.

Şeynbaum Lopez Obradorun cinayətin kökü ilə mübarizə aparmaq üçün mübahisəli "güllə deyil, qucaq" strategiyasını davam etdirməyə söz verib.

Qalvez kartellə əlaqəli zorakılığa daha sərt yanaşacağını vəd edərək, "cinayətkarların qucaqlaşmasının bitdiyini" elan etmişdi.

Hökumətin 2006-cı ildə narkotik ticarəti ilə mübarizəyə ordu göndərməsindən sonra 450,000-dən çox insan qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Növbəti prezident həm də qonşu Birləşmiş Ştatlarla bəzən gərgin olan münasibətləri, xüsusən də transsərhəd narkotik qaçaqmalçılığı və miqrasiya kimi ağrılı məsələləri idarə etməli olacaq. Meksikanın şimal sərhədindən ABŞ-a miqrasiya Demokratik prezident Co Bayden və Respublikaçı keçmiş prezident Donald Tramp arasında noyabrda keçiriləcək seçkilər ərəfəsində bir çox ABŞ seçicisi üçün həssas məsələdir.

Forum

XS
SM
MD
LG