İyunun 3-də Rusiyanın Ukraynanın Xarkiv və Donetsk vilayətlərinə endirdiyi zərbələr nəticəsində biri 12 yaşlı uşaq olmaqla 3 mülki şəxs həlak olub.
Rusiya qüvvələri iyunun 3-də səhər saatlarında Donetsk vilayətinin şərqindəki Pokrovski rayonundakı Myxaylyivka kəndini atəşə tutub. Bu barədə qubernator Vadim Filaşkin Telegram-da bildirib.
Filaşkin iki nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını bildirib: "Ölənlər arasında 12 yaşlı uşaq da var. Səhər saatlarında ruslar kəndə idarəolunan aviabomba atıblar və saat yarım sonra hücumu təkrarlayıblar. Ən azı 5 evə ziyan dəyib".
Rusiyanın Xarkiv şəhərinin cənubundakı Slobojanske şəhərinə endirdiyi ən azı beş raket hücumu nəticəsində bir ukraynalı mülki şəxs həlak olub, ikisi isə yaralanıb.
Bu barədə vilayət qubernatoru Oleh Sinehubov Telegram-da bildirib: "İstirahət kompleksi vurulub, bir mülki şəxs həlak olub. İki mülki şəxs, bir kişi və bir qadın yaralanıb".
Rusiya qüvvələri son bir neçə həftə ərzində Ukraynanın ikinci ən böyük şəhəri olan və sərhəddən 34 kilometr aralıda yerləşən Xarkiva hücumları gücləndirib.
Mayın 31-də şəhərin Novobavar rayonuna raket hücumu nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski Asiya turunu iyunun sonunda İsveçrədə keçiriləcək sülh konfransında genişləndirilmiş iştiraka çağırmaq üçün Filippinə elan edilməmiş səfərlə davam etdirib.
Zelenski iyunun 3-də Sinqapurdan Filippinə gəlib və prezident Ferdinand Markos ilə görüşüb.
"Biz ilk Qlobal Sülh Sammitini və Cənub-Şərqi Asiya ölkələrinin orada təmsil olunmasının əhəmiyyətini müzakirə etdik. Mən Filippinin sammitdə iştirakından məmnunam" deyə Zelenski X-də yazıb.
Sinqapurda Zelenski iyunun 2-də Şanqri-La Dialoq üzrə illik təhlükəsizlik sammitinin son günündə xarici liderlərlə görüşüb və burada İsveçrə sülh konfransı öncəsi beynəlxalq dəstəyi toplamağa çalışıb.
Zelenski və Ukraynanın müdafiə naziri Rustem Umerov Sinqapurda həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə bir saatdan çox görüş keçiriblər.
Zelenskinin mətbuat katibi Serhiy Nykyforov iyunun 3-də bildirib ki, ümumilikdə indiyədək 107 ölkə və beynəlxalq təşkilat sammitdə iştirakını təsdiqləyib.
Forum