Accessibility links

III Respublika Platforması: Akif Qurbanov yüksək rütbəli dövlət məmuru tərəfindən hədələnib


Akif Qurbanov
Akif Qurbanov

III Respublika Platforması həbsdə olan spikeri Akif Qurbanovun 1 saylı Bakı İstintaq Təcridxanasında təhdidlərə məruz qalması ilə bağlı bəyanat yayıb. Platforma bildirir ki, yüksək rütbəli dövlət məmuru Akif Qurbanovu sərt dillə hədələyib.

“Ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etmək, o cümlədən, çıxışlarında dövlət başçısının adını çəkməmək tələb olunub. Əks təqdirdə ona qarşı pis rəftarın tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacagı ilə təhdid edilib”, bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, “Toplum TV” və “Demokratik Təşəbbüslər İnstitutu” işi bağlı qanunsuz həbs edilmiş digər şəxslərə Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov şəxsən təhdid edərək, “əgər Akif Qurbanov məhkəmə çıxışlarına davam edərsə sizin vəziyyətiniz daha da ağırlaşacaq” bildirilib.

“Onlara qarşı da rəftarın pisləşəcəyi ilə bağlı sərt hədələr səsləndirib”, Platforma bəyanatda qeyd edir.

“III Respublika Platforması” bəyan edir ki, hazırda tənqidi mövqedə olan şəxslərə qarşı təhlükə sadəcə onlara qarşı siyasi motivli cinayət işlərinin açılması və bu çərçivədə onların həbsə atılmalarından ibarət deyil.

“Hətta istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində də siyasi məhbuslar pis rəftar və işgəncəyə məruz qalma təhlükəsi ilə üz-üzədirlər. Qeyd edirik ki, işgəncəyə məruz qoymaqla hədələmə özü ləyaqəti alçaldan rəftardır və Azərbaycan Respublikasının qoşulduğu və beynəlxalq hüquqi öhdəlik götürdüyü BMT-nin Sivil və Siyasi

Hüquqlara dair Beynəlxalq Paktının 7-ci maddəsi, İşgəncəyə, Digər Qəddar, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftara və Cəzaya qarşı Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə qorunan hüquqlarının pozuntusudur”, bəyanatda bildirilir.

Platforma vəziyyətin bu həddə çatması ilə bağlı həyəcan təbili çaldığını və siyasi məhbusların sağlamlığı, ləyaqəti, hətta həyatı ilə bağlı ciddi təhlükələrin yarandığı indiki şəraitdə Azərbaycan hökumətindən bu qeyri-insani davranışlara son qoymağı, bütün siyasi məhbusları dərhal azad etməyi tələb etdiyini bəyan edir.

“Həmçinin Azərbaycan Respublikasında yerləşən beynəlxalq təşkilatların heyətlərini və səfirliklərin diplomatik korpusunu Akif Qurbanova və eyni ittihamla həbs edilmiş digər şəxslərə qarşı hökumətin amansız davranışlarının dayandırılması üçün öz mandatları çərçivəsində fəaliyyətə çağırırıq”, deyə bəyanatda deyilir.

Akif Qurbanov sonuncu məhkəmə çıxışında Azərbaycandakı idarəetməni Stalin rejimi ilə müqayisə etmişdi. Bundan sonra onun ailə üzləri ilə görüş verilmədiyi, həmçinin, telefon danışıqlarına qadağa qoyulduğu deyilir. Bu barədə məlumatı iyunun 2-də III Respublika Platforması yayıb. Məlumatda deyilir ki, ailəsinin Qurbanova apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib. Bundan əlavə ona aparılan kitablar geri qaytarılıb.

Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir.

“Həbs edilmiş şəxs Akif Qurbanovun telefon danışıqlarına və görüşlərinə məhdudiyyət qoyulmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda ona ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır”, Penitensiar Xidmət qeyd edib.

Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı həbs olunub. Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum Tv” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, “III Respublika Platforması”nın üzvü Ruslan İzzətli, “Toplum TV”nin redaktoru Müşfiq Cabbar, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilir, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş hesab edir.

Beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini haqsız saxlanılan şəxsləri həbsdən azad etməyə çağırıb. Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG