Accessibility links

Bayden: Netanyahunun özünü siyasi cəhətdən xilas etmək üçün Qəzzada müharibəni uzatdığına inanmaq üçün “hər səbəb” var


ABŞ prezidenti Co Bayden həyatını itirən Fələstinlilərin sayı artdıqca, İsrailin Qəzzada HƏMAS-a qarşı apardığı müharibəni getdikcə tənqid etməyə başlayır. Bayden yeni müsahibəsində deyib ki, baş nazir Benyamin Netanyahunun özünü siyasi cəhətdən xilas etmək üçün münaqişəni uzatmasına inanmaq üçün “hər səbəb” var.

Müharibə səkkizinci ayına yaxınlaşdıqca Netanyahu Bayden və digər dünya liderlərindən münaqişəni dayandırmaq üçün ziddiyyətli tələblərlə üzləşir. İsrail parlamentindəki sağçı qanunvericilər isə Qəzzada HƏMAS-ın nəzarətinin son qalıqları silinmədən atəşkəsə razılaşarsa, Netanyahuya dəstəkdən əl çəkəcəklərini və onun hökumətinin hakimiyyətini devirəcəklərini bildiriblər.

Bayden keçən həftə İsrailin Qəzza zolağında atəşkəs təklifini açıqlayıb və buna dünya tərəfindən dəstək verilməsini istəyib.

Lakin HƏMAS hələ də yeni təkliflə razılaşmayıb və Netanyahu o vaxtdan məsələ ilə bağlı öz şərhlərində ehtiyat nümayiş etdirir. Bir neçə gün əvvəl “Time” jurnalı Baydenlə apardığı müsahibədə Netanyahunun siyasi cəhətdən özünü qorumaq üçün müharibəni uzatdığına inanıb-inanmadığını soruşmuşdu.

“İnsanların bu nəticəyə gəlmələri üçün hər cürə səbəbi var” - deyə, Bayden çərşənbə axşamı dərc olunan müsahibəsində bildirib.

Bayden mülki şəxslər və militantlar daxil olmaqla, Qəzzada ölənlərin ümumi sayının 36 000-ni keçdiyi vaxt Netanyahu ilə münasibətlərdə gərginliyi etiraf edib. Onlar arasında xüsusilə də müharibədən sonra Qəzzanı yenilənmiş Fələstin Administrasiyasının idarə edib-etməməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. ABŞ bunu dəstəkləyir, lakin Netanyahu detallı bir plan təqdim etmədən bunu rədd edir.

“Netanyahu ilə əsas fikir ayrılığı budur ki, Qəzza bitdikdən sonra nə olacaq? Nə, nəyə qayıdılır? İsrail qüvvələri geri qayıdacaqmı?” - deyə, Bayden ritorik sual qoyub.

“Cavab budur ki, əgər belədirsə, bu, işləməyək,” o bildirib.

Qəzzada zolağında döyüşlərin müvəqqəti dayandırılması, humanitar yardımın artırılması və HƏMAS tərəfindən saxlanılan bəzi girovların azad edilməsi təklifinin taleyi hələ də qeyri-müəyyən olaraq qalır.

HƏMAS təklifə hələ cavab verməyib, İsrail rəsmiləri bəzi detalları sorğulayır, Birləşmiş Ştatlar isə razılaşmanın qəbulu və həyata keçirilməsi üçün BMT-nin Təhlükəsizlik Şurasının dəstəyini istəyir.

Amerikanın Səsi tərəfindən nəzərdən keçirilən ABŞ-ın qətnamə layihəsi HƏMAS-ı atəşkəs təklifini “gecikmədən və heç bir şərt olmadan” tam qəbul edib həyata keçirməyə çağırır. “”

Layihədə deyilir ki, “bu razılaşmanın sürətlə həyata keçirilməsi atəşkəsə, İsrail qüvvələrinin Qəzzadakı mülkü ərazilərdən çıxarılmasına, girovların azad edilməsinə, humanitar yardımların artmasına, əsas xidmətlərin bərpasına və Fələstin mülki vətəndaşlarının Qəzzanın şimalına qayıtmasına imkan verəcək”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi jurnalistlərə bildirib ki, ötən həftənin cümə axşamı atəşkəs təklifini alan HƏMAS hələ də cavab verməyib. Onun sözlərinə görə, təklifin əsas elementləri “HƏMAS-ın bir neçə həftə əvvəl təqdim etdiyi təklifin əsas elementləri ilə demək olar ki, eynidir”.

Razılaşmanın əsas elementlərinə döyüşlərin altı həftəlik dayandırılması, Qəzzadan bəzi girovların azad edilməsi, fələstinlilər üçün gündəlik 600 yük maşını ilə yardımın çatdırılması və münaqişənin daimi sona çatdırılmasına yönəlmiş gələcək danışıqlar daxildir.

ABŞ rəsmiləri bazar ertəsi təsdiq ediblər ki, keçən həftə Prezident Co Baydenin açıqladığı atəşkəs təklifi İsrailin verdiyi təklifidir.

Ağ Evin milli təhlükəsizlik müşaviri Con Kirbi jurnalistlərə deyib ki, rəsmilərin danışıqlar prosesini pozmaqdan qorxaraq əvvəllər açıqlamaqdan imtina etdikləri danışıqlar İsrail rəsmilərinə təzyiq göstərmək deyil, sövdələşməni qəbul etmək üçün HƏMAS və onun liderlərinə açıq şəkildə təzyiq göstərməkdir.

“Prezident hiss edir ki, biz girovları azad etmək üçün danışıqların aparıldığı bu müharibədə olduğumuz vaxt fərqli yanaşmanın və təklifin ictimaiyyətə çatdırmasının, buradakı proseslərin gücləndirilməsinin vaxtı çatıb,” Kirbi bildirib.

Kirbi daha əvvəl jurnalistlərə verdiyi açıqlamada HƏMAS bu təklifi qəbul etdiyi halda İsrailin də onu qəbul edəcəyini bildirmişdi.

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi parlament komitəsində çıxış edərək, “şərtlərimiz yerinə yetirilmədən atəşkəsə razılaşdığımıza dair iddiaların doğru olmadığını” deyib.

İsrail hökumətinin sözçüsü bildirib ki, “müharibə girovların qaytarılması məqsədilə dayandırılacaq” və bundan sonra isə İsrailin HƏMAS-ı aradan qaldırmaq məqsədinə necə nail olunacağı müzakirə olunacaq.

Sənayesi inkişaf etmiş aparıcı ölkələrin Böyük Yeddilər qrupunun liderləri bazar ertəsi birgə bəyanat yayaraq, atəşkəs təklifini tam şəkildə dəstəklədiklərini bildiriblər.

“Biz HƏMAS-ı İsrailin irəliləməyə hazır olduğu bu razılaşmanı qəbul etməyə çağırırıq və HƏMAS üzərində təsiri olan ölkələri də bunu təmin etməyə kömək etməyə çağırırıq,” bəyanatda deyilir.

Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri bazar ertəsi virtual görüşdən sonra daimi atəşkəs haqda danışıqlara dair səyləri dəstəklədiklərini bildiriblər, eyni zamanda Baydenin irəli sürdüyü təklifə “ciddi və müsbət münasibəti” vurğulayıblar.

İordaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazirlərin İsrailin Qəzza zolağından tam şəkildə çıxarılmasına, məcburi köçkün fələstinlilərin tərk etdikləri ərazilərə qayıtmasına, Qəzzada yenidənqurma işlərinin başlanmasına və iki dövlətli həll variantının həyata keçirilməsinə çağırdıqları deyilir.

Humanitar yardımla bağlı problemlər

BMT rəsmiləri Qəzzada, xüsusən də Qəzzanın şimal və cənubunda gedən döyüşlər səbəbi ilə fələstinlilərə çox ehtiyac duyulan yardımların çatdırılmasının getdikcə çətinləşdiyini deyirlər.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi bazar ertəsi verdiyi son yeniləmədə bildirib ki, Rəfahda vəziyyət xüsusilə ağırdır. Ümumdünya Ərzaq Proqramının işçiləri yalnız 27,000 insanı isti yeməklə təmin edə bilir, humanitar yardım işçiləri intensiv döyüşlər və evakuasiya şəraitində xidmət göstərə bilmirlər.

Agentlik bildirib ki, Rəfahdakı döyüşlər bir milyona yaxın insanı evindən didərgin salıb. Rəfahda olanların çoxu təhlükəsizlik axtarışında Qəzzanın digər bölgələrindən qaçdıqdan sonra oraya sığınıb.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovlardan ordunun verdiyi məlumata görə, ölən 37 nəfərin nəşi də daxil olmaqla, 121-nin Qəzzada olduğu bildirilir.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin hücuma cavab olaraq keçirdiyi bombardmanlar və qurudan hücumları Qəzzada əksəriyyəti mülki şəxslər olmaqla azı 36 379 nəfərin ölümünə səbəb olub. Ölənlərin sayına həm mülki şəxslər, həm də militantlar daxildir.

Forum

XS
SM
MD
LG