Accessibility links

Bayden ABŞ-Meksika sərhədində sığınacaq axtaranların sayının azaldılmasına dair sərəncam imzalayıb


Prezident Co Bayden çərşənbə axşamı ABŞ-Meksika sərhəddində sığınacaq istəyənlərin sayının kəskin şəkildə məhdudlaşdırılması ilə bağlı sərəncam imzalayıb.

“Prezident Bayden inanır ki, biz sərhədimizi qorumalıyıq. Buna görə də bu gün o, cənub sərhədimizi qanunsuz keçən miqrantların sığınacaq almasını qadağan etmək üçün icraedici tədbirlər gördüyünü açıqlayıb”, Ağ Ev çərşənbə axşamı açıqladığı məlumatda bildirib.

Administrasiya rəsmilərinin sözlərinə görə, sərəncam giriş məntəqələri arasında həftə ərzində gündəlik müraciətlərin sayı orta hesabla 2500-ə çatdıqdan sonra qüvvəyə minir.

Yen sərəncamla cənub sərhədini qanunsuz keçən miqrantların sığınacaq almasının qarşısı alınacaq.

Lakin Bayden administrasiyası bu addımın daimi olmadığını və yalnız cənub sərhədində həddindən artıq axın olduğu zaman qüvvəyə minəcəyini bildirib.

“Bu əməliyyatlar, giriş məntəqələri arasında sərhədi keçən immiqrantların sayı Amerika sisteminin sərhəd əməliyyatlarını təhlükəsiz və effektiv şəkildə idarə etməsi üçün kifayət qədər az olduqda dayandırılacaq”, məlumatda bildirilir.

Məlumatda əlavə edilib ki, sərəncamda humanitar səbəblərlə əlaqədar istisnalar da var.

ABŞ prezidenti 72 illik İmmiqrasiya və Vətəndaşlıq Aktının 212(f) kimi tanınan hissəsinə əsasən icra sərəncamı verir. Bu, prezidentə “Birləşmiş Ştatların maraqlarına zərər vuran” hesab edilən hər hansı bir immiqrant sinfinin ölkəyə girişini qadağan etmək üçün geniş səlahiyyət verir.

Keçmiş prezident Donald Tramp immiqrasiya ilə bağlı ən sərt addımlarından bəzilərini, o cümlədən, “müsəlman qadağası” kimi tanınan yeddi müsəlman ölkəsindən immiqrasiya və səyahətə qadağa qoyduğu zaman və minlərlə uşağın valideynlərindən ayrılmasına səbəb olan sərhədin qanunsuz keçidi ilə bağlı “sıfır dözümlülük” siyasətini tətbiq etmək üçün bu 212(f) bəndə istinad etmişdi. Tramp noyabrda yenidən seçiləcəyi təqdirdə sərt immiqrasiya siyasətini bərpa edəcəyinə söz verib.

Xəbər agentlikləri Baydenin iki partiyalı sərhəd təhlükəsizliyi qanun layihəsinin fevral ayında Trampın açıq şəkildə etiraz etməsinin ardınca Senatda əksər respublikaçılar və bəzi Demokratlar tərəfindən rədd edilməsindən sonra hərəkətə keçdiyini bildirir.

“Konqresdəki Respublikaçılar onilliklərin ən sərt və ədalətli islahatlarının əleyhinə iki dəfə səs verərək, partiya siyasətini milli təhlükəsizliyimizdən üstün tutmağı seçdilər”, Ağ Evin açıqladığı məlumatda bildirilir.

ABŞ-Meksika sərhədi yaxınlığında yerləşən bir neçə şəhərin merləri sərəncamın imzalanması mərasimində iştirak etmək üçün Ağ Evə dəvət olunub.

Forum

XS
SM
MD
LG