Accessibility links

Terror aktları Paris Olimpiadası üçün əsas təhlükələr sırasındadır


Parisdə Fransa rəsmiləri tərəfindən ötən həftə qarşısı alınmış terror planı kimi qarşıdan gələn Yay Olimpiya Oyunlarını pozmağa yönəlmiş potensial hücumlarla bağlı yeni xəbərdarlıqlar verilir.

Recorded Future kibertəhlükəsizlik şirkəti tərəfindən çərşənbə axşamı yayımlanan hesabatda deyilir ki, kiberhücumların yüksək ehtimalına baxmayaraq, Paris Oyunları üçün ən böyük risk kiberməkanda deyil, fiziki təhdidlərdən qaynaqlanacaq.

“Bizim təxminlərimizə görə, terrorizm, zorakı ekstremizm, vətəndaş iğtişaşları və nəzarətdən çıxan etirazlar da daxil olmaqla, fiziki təhlükəsizlik təhdidləri ən böyük zərər və pozulma riski daşıyr” - deyə, Recorded Future Insikt Group-un hesabatında bildirilir.

“Terrorçular və zorakı ekstremistlər, xüsusən də Fransada və qonşu Avropa ölkələrində İD [İslam Dövləti] və Əl-Qaidə tərəfdarları tam yəqinliklə Paris Olimpiadasını hədəf alan zorakı hücumlar hazırlamağa və təhrik etməyə davam edəcəklər”, hesabatda deyilir.

“Bununla belə, bu tədbir üçün yaradılan geniş təhlükəsizlik infrastrukturu kütləvi itkilərlə nəticələnən uğurlu hücumun həyata keçirilməsi ehtimalını azaldır”, hesabatda qeyd edilir.

Insikt Group tərəfindən xəbərdarlıq Fransa hakimiyyətinin qarşıdan gələn oyunları hədəf alan ən azı iki terror planının qarşısının alındığını elan etdiyi bir vaxta təsadüf edir.

Aprelin sonlarında Fransanın antiterror qüvvələri Marinier şəhərindən olan 16 yaşlı gənci sosial mediada partlayıcı kəmər düzəltməyi və Olimpiya məkanında kamikadze kimi ölməyi planlaşdırdığını elan etdikdən sonra həbs ediblər.

Elə keçən həftə Fransa təhlükəsizlik rəsmiləri 18 yaşlı gənci Sent-Etyendəki Joffrua-Qişar Stadionunda İD adına hücum planlaşdırmaqda ittiham edərək həbs edib.

Bundan əlavə, Insikt Group xəbərdarlıq edir ki, İD təbliğat apararaq, “öz tərəfdarlarını 2015-ci ilin noyabrında olduğu kimi, Parisdə 2024-cü il Olimpiya Oyunlarının əsas məkanı olan Stade de Fransda intiharçı hücumu da daxil olmaqla, silsilə terror aktlarını yenidən törətməyə çağırır”.

Qarşıdan gələn Olimpiadaya qarşı hər hansı genişmiqyaslı sui-qəsdə dair hələ inandırıcı sübut olmasa da, terror qrupu internet və sosial media vasitəsilə əlaqələrdən istifadə edərək, Qərbi Avropadakı tərəfdarlarını hücumlar həyata keçirməyə təhrik edir.

ABŞ rəsmiləri xəbərdarlıq edir ki, İD qrupunun Əfqanıstanda İD-Xorasan və ya İŞİD-K kimi tanınan qolu yanvarda İranın Kirman şəhərində və mart ayında Moskvada konsert salonunda törətdiyi ölümcül hücumlarlardan sonra fəallığını artırmağa çalışır.

“Biz İŞİD şəbəkəsinin bir növ narahat dövründən sonra özünü bərpa etməyə başladığını müşahidə edirik”, Milli Əks-Terror Mərkəzinin direktoru Kristin Abizaid ötən ay Dohada keçirilən təhlükəsizlik forumunda xəbərdarlıq edərək deyib.

“Qlobal İŞİD şəbəkəsinin əraziyə nəzarəti olmasa belə, bəziləri hücumlar həyata keçirə biləcək tərəfdarlar şəbəkəsi ilə virtual əlaqə qurma qabiliyyəti olduqca narahatedicidir” - deyə, o bildirib. O, İŞİD-K-nın Əfqanıstanda özünü bərpa etmək qabiliyyətini “son üç ildə qlobal İŞİD şəbəkəsinə gördüyümüz ən əhəmiyyətli əlavə imkan” adlandırıb.

Eyni zamanda, Qəzzada İsrail və 2006-cı ildən Qəzzaya nəzarət edən və ABŞ tərəfindən terror qruplaşması kimi tanınan HƏMAS arasında davam edən müharibənin digər ekstremistlər üçün motivasiya ola biləcəyi ilə bağlı narahatlıqlar mövdudur.

Insikt Group-un çərşənbə axşamı açıqlanan hesabatında Qəzzada müharibə səbəbindən israilliləri və ya amerikalıları hədəf alan potensial hücumlar “çox az ehtimal edilən, lakin ehtimallar çərçivəsində olan” adlandırılır.

Hesabatda İranla əlaqəli qruplar, o cümlədən Livanda Hizbullahı terror qruplaşması və ya müxtəlif Fələstin terror təşkilatlarının tərəfdarlarının “çox güman ki, Paris Olimpiadasına cəlbedici bir məkan kimi baxacaqları” qeyd edilir. Lakin hesabatda belə qrupların bu cür qruplara hazırlaşdığını göstərən hər hansı kəşfiyyat məlumatının müəyyən edilmədiyi vurğulanır.

Müxtəlif qrupların Paris Oyunlarına fiziki hücum cəhdi potensialına əlavə olaraq, Insikt Group xəbərdarlıq edir ki, Olimpiya Oyunları bəzən cinayətkar qruplar, bəzən də başqa ölkələr üçün işləyən hakerlər tərəfindən hədəf alına bilər.

“Rusiya, Çin və İran Paris Olimpiadası zamanı casusluq fəaliyyətini həyata keçirmək üçün Olimpiya mövzusunda fişinq texnikası və ya infrastrukturundan istifadə edəcəklər,” hesabatda bildirilir.

“Rusiya, İran və Azərbaycanda yerləşən şəbəkələr də çox güman ki, Fransa, NATO və İsrailə qarşı tənqidi diskursları gücləndirmək üçün açıq və gizli fəaliyyət göstərəcək,” hesabatda qeyd edilir.

Forum

XS
SM
MD
LG