Accessibility links

ABŞ-ın cənub-qərbində mövsümün ilk istilik dalğası əvvəlki illərlə müqayisədə daha tez gəlib


Mövsümün ilk istilik dalğası ABŞ-ın cənub-qərbinin çox hissəsinə əvvəlki illərlə müqayisədə daha tez gəlib çatıb. Sinoptiklər cümə axşamına kimi bəzi bölgələrdə temperaturun 43,3 selsiyə qalxacağını bildirirlər.

Milli Hava Xidmət bildirir ki, çərşənbə günü günortadan sonra, Kaliforniyanın cənub-şərq hissəsindən Arizonanın mərkəzi hissəsinə qədər uzanan bir çox ərazidə temperaturun rekord həddə qalxacağı gözlənilir.

Kaliforniya, Nevada və Arizona ştatlarının cənub hissələri üçün çərşənbə səhərindən cümə axşamına qədər həddindən artıq isti xəbərdarlığı edilib.

Merilend ştatının Kollec Park ərazisinindəki hava xidmətinin meteoroloqu Mark Çenard bildirir ki, "Havanın temperaturu il ərzindəki orta səviyyədən yuxarıdır".

O, qeyri-adi isti havanın şimala doğru yayılacağının və həftənin sonuna qədər Sakit Okeanın Şimal-Qərb hissələrinə keçəcəyinin gözlənildiyini bildirib.

Çərşənbə axşamı ən yüksək temperaturlar Arizona ştatının Bulhed Siti şəhərində qeydə alınıb - 41,1 dərəcə. Temperatur Feniks şəhərində 40 və Las Veqasda 39,4 selsi dərəcəyə çatıb.

Las-Veqasda havanın çərşənbə günü ən azı 42.2 C səviyyəsinə çatacağı və sonra hava xidmətinin məlumatına görə, daha da yüksələ biləcəyi proqnozlaşdırılır.

ABŞ Sərhəd Patrulu bazar ertəsi xəbərdarlıq edib ki, keçən həftə sonu Nyu-Meksiko ştatının cənub-şərqindən ölkəyə keçməyə cəhd edən dörd miqrant isti ilə bağlı səbəblərdən həyatını itirib.

Agentliyin El Paso sektorunun müdiri Entoni Qud miqrantları həddindən artıq istilərlə risk etməməyə çağırıb.

"Səhra mühiti xüsusilə yay aylarında çox bağışlanmazdır" deyən Qud əlavə edib ki, "Biz qeyri-qanuni keçidi düşünən hər kəsi ciddi riskləri başa düşməyə çağırırıq".

Yanğınsöndürmə qrupları xüsusilə Arizona ştatında yüksək hazırlıq vəziyyətinə gətirilib.

Nyu-Meksiko ştatının Albukerke şəhərindəki Cənub-Qərb Koordinasiya Mərkəzində yanğınsöndürənlər, adətən iyunun ortalarına və ya sonuna qədər bu qədər isti olmadığını bildirib.

Arizona Meşə Təsərrüfatı və Yanğın İdarəetmə Departamentinin sözçüsü Tiffany Davila, "Deyəsən, Ana Təbiət bizi həmişəkindən bir az tez isidir" deyib.

Keçən il Feniks şəhəri iyunun sonundan başlayaraq bütün iyul ayı boyunca 43.3 selsi dərəcə temperatura şahidlik edib. Nəticədə il ərzində istiliklə bağlı qeydə alınmış 645 ölüm hadisəsindən ən azı 400-ü həmin dövrdə baş verib.

Forum

XS
SM
MD
LG