Accessibility links

Afiəddin Məmmədovun məhkəməsində zərərçəkmiş kimi tanınan şəxs ifadə verib


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov

İyunun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə zərərçəkmiş kimi tanınan Səfər Hüseynov ifadə verib. Hüseynovun sözlərinə görə hadisə günü o, telefonunda iş elanlarına baxa-baxa küçə ilə gedirmiş və onu görmədiyi üçün Məmmədovla çiyin-çiyinə toqquşub.

“Mənə dedi ki, “korsan, qabağına bax”, daha sonra nalayiq ifadələr işlətdi, sonra da sağ cibindən çıxardığı bıçaqla mənə xəsarət yetirdi”, deyə Səfərov bildirib.

İfadədən sonra Məmmədovun vəkili Zibeydə Sadıqova və fəalın özü zərərçəkmiş kimi tanınan şəxsə suallar ünvanlayıb. Məmmədov Səfər Hüseynovu yalan danışmaqda ittiham edib. Fəal qeyd edib ki, əksinə, Hüseynov ona xəsarət yetirib. Məmmədovun sözlərinə görə, Hüseynov onun üzünə yumruqla vurub və burnunu qırıb. Aldığı xəsarətlərə baxmayaraq, Məmmədova tibbi yardım göstərilməyib.

Növbəti məhkəmə prosesi iyulun 30-a təyin edilib.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq- silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Forum

XS
SM
MD
LG