Accessibility links

Rusiya Ukraynaya məxsus dronun neft emalı zavodunu vurduğunu bildirir


Rusiyanın cənub-qərbində rəsmilər cümə axşamı bildiriblər ki, Ukraynaya məxsus dron hücumu neft emalı zavodunda yanğına səbəb olub.

Rostov-na-Donu vilayətinin qubernatoru Vasili Qolubev Telegram-da hücumun Novoşaxtinsk neft emalı zavoduna edildiyini və orada əməliyyatların dayandırıldığını bildirib.

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da xəbər verir ki, Ukraynaya məxsus kamikadze dron Starıy Oskolda neft anbarına düşüb. Qladkov bildirib ki, daha başqa bir dron hücumu Belqorodda kənd təsərrüfatı müəssisəsinə ziyan vurub.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı xəbər verib ki, Belqorod səmasında altı, Rusiyanın işğal etdiyi Krım üzərində 13 Ukrayna dronunu zərərsizləşdirib.

Digər tərəfdən isə Ukrayna ordusu cümə axşamı Rusiyanın bir gecədə həyata keçirdiyi hücumlarda 18 pilotsuz təyyarədən 17-ni vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri dronların Xerson, Xmelnitski, Nikolayev və Zaporijye vilayətləri üzərində vurulduğunu bildirib.

Xmelnitski vilayətinin qubernatoru Serxii Tiurin infrastruktur obyektinə ziyan dəydiyini, lakin hücum nəticəsində xəsarət alan olmadığını xəbər vərib.

Bu arada, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü deyib ki, əgər ölkəsinin suverenliyi təhlükə altına düşərsə, Rusiya nüvə silahından istifadə edə bilər.

"Əgər kiminsə hərəkətləri suverenliyimizi və ərazi bütövlüyümüzü təhdid edərsə, biz əlimizdə olan bütün vasitələrdən istifadə etməyi mümkün hesab edirik" deyə Putin ölkəsinin təhlükəsizlik siyasətini əsas gətirərək bildirib.

"Nədənsə, onlar Qərbdə inanırlar ki, Rusiya bundan heç vaxt istifadə etməyəcək" deyən Putin bir qrup beynəlxalq jurnalistə bildirib və əlavə edib ki, Rusiyanın nüvə arsenalı ABŞ-ın 2-ci Dünya Müharibəsi zamanı Yaponiyada Xirosima və Naqasakidə istifadə etdiyindən qat-qat güclüdür.

Rusiya lideri illik Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bunları deyib. Putinin üstəlik ABŞ və Almaniyaya da xəbərdarlıq edib.

Onun sözlərinə görə, Ukraynanın Rusiyaya Qərb istehsalı olan uzaqmənzilli silahlardan atəş açmasına icazə verilməsi onu ABŞ və ya onun Avropalı müttəfiqlərinin əhatə dairəsində olan ölkələrdə oxşar rus silahlarını yerləşdirməyə vadar edə bilər.

"Əgər ərazimizə zərbələr endirmək və bizə problem yaratmaq üçün belə silahların döyüş bölgəsinə çatdırılmasını mümkün hesab etsələr, niyə bizim eyni tipli silahlardan Rusiyaya bunu edən ölkələrin həssas obyektlərinə zərbələr endirmək üçün istifadə edilə biləcək dünyanın bəzi regionlarına həmin silahları vermək hüququmuz yoxdur ki"?

Almaniya keçən həftə ABŞ-a qoşularaq, Ukraynaya tədarük etdiyi uzaq mənzilli silahlardan Xarkiv regionunun sərhədi boyunca Rusiya ərazisindəki hədəfləri vurmaq icazəsi verib. Putin ABŞ-ın ATACMS raketlərini, həmçinin Britaniya və Fransa raketlərini xatırladıb.

Ukraynaya gələn alman tanklarının Rusiyada çoxlarını təəccübləndirdiyini deyən Putinin sözlərinə görə, "Alman tankları Ukrayna torpağında ilk dəfə peyda olanda artıq Rusiyada belə bir mənəvi, etik sarsıntı yaratmışdı, çünki Rusiya cəmiyyətində [Almaniya] ilə münasibətlər həmişə çox yaxşı olub".

"İndi əgər onlar Rusiya ərazisindəki obyektlərə raket zərbələri endirsələr, bu, Rusiya-Almaniya münasibətlərini tamamilə pozacaq" deyə Putin bildirib.

ABŞ-da keçiriləcək seçkilərlə bağlı sualı cavablandıran Rusiya lideri nəticələrdən narahat olmadığını deyib.

"Səmimi deyirəm ki, seçkilərdən sonra Amerika siyasətində Rusiyaya qarşı nələrinsə dəyişəcəyini inandığımızı deyə bilmərəm. Biz belə düşünmürük. Düşünürük ki, həqiqətən də ciddi heç nə olmayacaq" Putin bildirib.

Forum

XS
SM
MD
LG