Accessibility links

ABŞ Ukraynaya 225 milyon dollarlıq hərbi yardım ayırıb


ABŞ Prezidenti Co Bayden Xarkiv yaxınlığında Rusiyanın hücumuna qarşı mübarizə aparan Ukrayna üçün əlavə 225 milyon dollarlıq hərbi yardım paketini imzalayıb. Bu barədə cümə günü verilən açıqamada deyilir.

Yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və sursatlar, zirehli maşınlar, tank əleyhinə silahlar və başqa imkanlar daxildir.

Bəyanatda bildirilib ki, bu həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirəcək ki, onlar Ukrayanın elektrik şəbəkəsini Rusiyanın hücumlarından qoruyacaq və Ukraynanın cəbhə xətti boyunca imkanlarını gücləndirəcək.

Bundan öncə cümə günü Bayden Normandiya əməliyyatının 80-ci ildönümü münasibətilə Fransaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək, Ukrayna üçün 61 milyard dollarlıq hərbi yardımın təsdiqlənməsindəki ləngimələrə görə üzr istəyib.

“Mən həftələr boyu maliyyə baxımından nələrin olacağını bilməmənizə görə üzr istəyirəm,” deyə ABŞ prezidenti yardım paketinin altı ay boyunca Konqresdə Respublikaçılar tərəfindən gecikdirilməsinə istinad edərək bildirib.

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Voldimir Zelenski ilə əl sıxışır. Paris, Fransa. 7 iyun, 2024.
ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Voldimir Zelenski ilə əl sıxışır. Paris, Fransa. 7 iyun, 2024.

Bayden Amerika xalqının uzun müddətdə Ukraynanın yanında olduğunu qeyd edib.

“Biz hələ də varıq. Tamamilə. Hərtərəfli" deyə Bayden bildirib və Ukraynanın Rusiyanın aqressiyasına qarşı mətanət və cəsarətini vurğulayıb.

“Siz Xarkivə tutunaraq, bir daha sübut etdiniz ki, Ukrayna xalqı məğlub edilə bilməz və heç vaxt məğlub olmayacaq. Və mən sizi əmin edirəm ki, Birləşmiş Ştatlar sizin yanınızda olacaq. Mən bu debat zamanı bunu hər zaman demişəm. Deməyə də davam edəcəm. Birləşmiş Ştatlar sizin yanınızdadır. Siz baş verən aqressiyaya qarşı dayanan sipərsiniz. Bizin orada olmaq öhdəliyimiz var.”

Zelenski Baydenin şərhlərini alqışlayaraq “Bu görüş simvolikdir. Amerika xalqının Ukraynanın yanında olması vacibdir. İkinci Dünya müharibəsində ABŞ-ın Avropanın yanında olduğu kimi. Bu böyük paket çox önəmlidir. Bizim yalnız olmadığımızı bilməyimizi çox vacibdir,” o deyib.
ABŞ-ın Ukraynaya yeni dəstəyi onun ölkənin şərqində Xarkiv və Donetsk bölgələrində daha çox əsgəri və silahı olan Rusiya ordusunun yenilənmiş hücumuna qarşı mübarizə apardığı bir vaxta təsadüf edib.

Bundan əlavə Vaşinqton və NATO müttəfiqləri mövqelərini dəyişərək, Ukraynaya Xarkiv bölgəsində sərhəd boyunca Rusiya daxilinə hücum etmək üçün qərb silahlarından istifadə etməyə icazə veriblər.

Fransa Prezidenti Emmanuel Makron cümə axşamı bildirib ki, Fransa Ukraynanı Mirage 2000-5 döyüş təyyarələri ilə təmin edir. O, Fransa televiziyasına verdiyi müsahibədə həmçinin bildirib ki, Ukrayna pilotları Fransada təlim keçəcəklər.

Makron deyib ki, döyüş təyyarələri Ukraynaya Rusiyanın hücumlarına qarşı “torpağını, hava hövzəsini qorumağa imkan verəcək.”

Almaniya da ötən həftə Birləşmiş Ştatlara qoşularaq Ukraynaya Xarkiv bölgəsindəki sərhəd boyunca Rusiya torpağındakı hədəfləri vurmaq üçün onların təmin etdiyi uzun-mənzilli silahlardan isitfadə etməyə icazə verib.

Kreml isə xəbərdarlıq edib ki, bu qərar Avropada münaqişənin genişlənməsinə səbəb ola və bu da qərb müttəfiqlərini Rusiya ilə qarşı-qarşıaya qoya bilər.

Rusiya Prezidenti Vladimir Putin. 7 iyun, 2024.
Rusiya Prezidenti Vladimir Putin. 7 iyun, 2024.

Rusiya Prezdienti Vladimir Putin həmçinin Birləşmiş Ştatlar və NATO müttəfiqlərinə xəbərdarlıq edib ki, onların Ukraynaya Qərbin istehsal etdiyi uzun mənzilli silahlardan Rusiyaya hücum etmək üçün istifadə etməsinə icazə verməsi onu bənzər rus silahlarını ABŞ və onun avropalı müttəfiqlərinin əhatə dairəsində olan ölkələrə yerləşdirməyə vadar edə bilər.

Rusiya lideri cümə günü deyib ki, o, nüvə silahlarından istifadə etmək üçün Rusiyanın nüvə doktrinasında qeyd olunan şərtləri müşahidə etməyib, amma əlavə edib ki, doktrinanın dəyişdirilməsini də istisna etmir.

Forum

XS
SM
MD
LG