Accessibility links

Blinken Qəzzada atəşkəsə çağırış etmək üçün Yaxın Şərqə səfər edəcək


ABŞ Dövlət katibi Antoni Blinken mətbuat konfransında çıxış edir. Praqa, Çex Respublikası. 31 may, 2024.
ABŞ Dövlət katibi Antoni Blinken mətbuat konfransında çıxış edir. Praqa, Çex Respublikası. 31 may, 2024.

Vaşinqton İsrail və HƏMAS-a Prezident Co Baydenin ötən həftə təklif etdiyi atəşkəs razılığını qəbul etmələri üçün təzyiq göstərməyə çalışdığı bir vaxtda ABŞ Dövlət Departamenti cümə günü bildirib ki, dövlət katibi Antoni Blinken gələn həftə Yaxın Şərqə səfər edəcək.

HƏMAS militantları oktyabrın 7-də İsrailə terror hücumu edərək, onillərdir davam edən İsrail-Fələstin münaqişəsindəki ən son döyüşlərə səbəb olandan bəri regiona səkkizinci səfəri çərçivəsində ABŞ-ın baş diplomatı Misir, İsrail, İordaniya və Qətərə səfər edərək onların liderləri ilə görüşəcək.

Blinkenin səfəri Bayden 8 aydır davam edən müharibəyə son qoymaq üçün yeni atəşkəs planını təklif etdiyi və son günlərdə İsraillə Livanın Hizbullah qrupu arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Hər iki tərəf daha böyük qarşıdurmaya hazır olduqlarına işarə edib.

“Dövlət katibi atəşkəs təklifinin həm israillilər, həm də fələstinlilərə faydalarını müzakirə edəcək,” Dövlət Departamenti açıqlamasında bildirib. “O, bunun Qəzzadakı iztirabları azaldacağını, humanitar yardımda kütləvi artıma imkan verəcəyini və fələstinlilərə məhəllələrinə geri dönmələrinə icazə verəcəyini vurğulayacaq.”

Misir, Qətər və başqalarının vasitəçiliyi ilə İsraillə Qəzzada militant HƏMAS hərəkatı arasında atəşkəs əldə etmək üçün aparılan danışıqlar dəfələrlə dalana dirənib, hər iki tərəf irəliləyişin olmamasına görə bir-birini günahlandırıb.

Dövlət Departamenti bildirib ki, atəşkəs həmçinin İsrailin şimalda Livanla sərhədində sakitlik əldə etmək ehtimalı və İsraillə ərəb qonşuları arasında əlaqələrin normallaşması üçün şərtlər yarada bilər.

“Dövlət katibi həmçinin münaqişənin daha da eskalasiya etməsinin qarşısını almağın zəruriliyini vurğulamağa davam edəcək,” Dövlət Departamenti əlavə edib.

İsrail Baş naziri Benyamin Netanyahu çərşənbə günü bildirib ki, İsrail şimalda güclü şəkildə hərəkətə keçməyə hazırdır. O, dekabrda xəbərdarlıq edib ki, Hizbullah müharibə başlatsa, Beyrut “Qəzzaya” çevrilə bilər.

İsrail-HƏMAS müharibəsi HƏMAS-ın başçılıq etdiyi fələstinli döyüşçülər İsrailə hücum edərək, 1200-dən çox insanı öldürüb, 250-dən çoxunu isə girov götürəndən sonra başlayıb.

Fələstinli səhiyyə rəsmilərinin məlumtına görə, İsrailin Qəzzaya quru və havadan hücumları ərazini dağıdıb, genişmiqyaslı aclığa səbəb olub, 36 mindən çox insanı öldürüb.

Dövlət Departamenti bildirib ki, Blinken İordaniyada Qəzzaya humanitar yardımla bağlı konfransda iştirak edəcək.

Forum

XS
SM
MD
LG