Accessibility links

Moskvanın dəstəklədiyi rəsmilər Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə hücumlarda 28 nəfərin öldüyünü bildirir


Ukraynanın qismən işğal altında olan Xerson və Luhansk regionlarının Rusiya tərəfindən təyin olunan rəsmiləri deyib ki, Ukraynanın hücumu nəticəsində ən azı 28 nəfər ölüb. Bu arada isə Rusiya və Ukrayna şənbəyə keçən gecə bir-birilərinə dron hücumlarını davam etdiriblər.

Ulraynanın cümə günü ölkənin qismən işğal altında olan Xerson bölgəsindəki Sadove şəhərinə hücumu nəticəsində 22 nəfər ölüb, 15 nəfər yaralanıb. Bu barədə Moskvanın təyin etdiyi qubernator Vladimir Saldo məlumat verib.

Rusiyanın dövlət Tass xəbər agentliyi Saldodan sitat gətirərək bildirib ki, Ukrayna qüvvələri şəhərə ilk olaraq Fransa istehsalı idarə olunan bomba ilə hücum ediblər, daha sonra ABŞ-ın təmin etdiyi HİMARS raketi ilə zərbə endiriblər. O bildirib ki, Ukrayna qüvvələri “qəsdən ikinci dəfə zərbə endirib ki, yaxınlıqdakı evlərin sakinləri yaralılalara yardım” edərkən “daha çox tələfat olsun.”

Şərqdə Ukraynanın qismən işğal altında olan Luhansk bölgəsinin Rusiya tərəfindən təyin edilən qubernatoru Leonid Pasençik şənbə günü deyib ki, Ukraynanın cümə günü bölgənin eyni adlı paytaxtı Luhanska endirdyi raket zərbəsindən sonra yaranan dağıntılar altından daha iki cəsəd çıxarılıb.

Rusiyanın dövlət xəbər agentliyi İnterfaks bölgə qubernatorlarına istinad edərək bildirib ki, bununla da ölənlərin sayı altıya çatıb. Pasençik həmçinin hücumda 60 nəfərin yaralandığını bildirib.

Pasençik şənbə günü bölgədə matəm elan edib, ictimai tədbirlər təxirə salınıb.

Ukrayna heç bir hücumla bağlı şərh verməyib.

Bu arada isə Ukrayna ilə Rusiya arasında dron hücumları davam edib.

Rusiyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Ukrayna cümə gecə Rusiya ərazisinə çox sayda dron atıb. Rusiyanın cənub Kuban və Astraxan bölgələri, qərbdəki Tula bölgəsi və Moskvnanın ilhaq etdiyi Krım yarımadası üzərinə iyirmi beş dronunun zərərsizləşdirildiyi bildirilir.

Şənbə səhər rəsmilər hava hücumundan müdafiə sistemlərinin ilk dəfə olaraq Şimali Qafqazdakı Şimali Ossetiya bölgəsi üzərində Ukrayna dronlarını vurduqlarını bildirib.

Rusiyanın müdafiə nazirliyi bir dronun məhv edildiyini, böglə qubernatoru Sergey Menyailo isə region üzərində üç dronun vurulduğunu bildirib. Menyailo hədəfin hərbi aerodorom olduğunu deyib.

Ukrayna hava qüvvələri şənbə günü bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri mərkəzi Poltava regionu, cənub-şərq Zaporijye və Dnipropetrovsk bölgələri, habelə ölkənin şimal-şərqində yerləşən Xarkiv regionları üzərində Rusiyanın 13 dronundan doqquzunu vurub.

Dnipropetrovsk bölgəsinin qubernatoru Serhiy Lısak deyib ki, gecə endirilən dron zərbələri kommersiya və yaşayış binalarına ziyan vurub.

Forum

XS
SM
MD
LG