Accessibility links

İsrail 274 fələstinlinin ölümü ilə nəticələnən xilasetmə əməliyyatından sonra Qəzzaya yeni zərbələr endirib


İsrailin şənbə günü israilli girovların xilas edildiyi bölgədə zərbələrindən sonra qadın və uşaq Qəzza zolağının mərkəzində Nuseyrat qaçqın düşərgəsində dağıntılar arasında gəzir, 9 iyun 2024.
İsrailin şənbə günü israilli girovların xilas edildiyi bölgədə zərbələrindən sonra qadın və uşaq Qəzza zolağının mərkəzində Nuseyrat qaçqın düşərgəsində dağıntılar arasında gəzir, 9 iyun 2024.

İsrail qüvvələrinin bazar günü İsrail Qəzza zolağını atəşə tutmağa davam etdiyi bildirilir. HƏMAS-ın idarə etdiyi Qəzza hökumətinin media ofisinin məlumatına görə, əməlyyat 64 uşaq və 57 qadın olmaqla, azı 274 fələstinlinin ölümü ilə nəticələnib.

İsrail hərbi qüvvələri insanların sıx məskunlaşdığı Əl-Nuseyrat yaşayış məntəqində qanlı xilasetmə əməliyyatı zamanı xüsusi təyinatlı bir zabitin öldürüldüyünü bəyan edərək, “100-dən az” fələstinlinin öldürülməsindən xəbərdar olduğunu, lakin bunlardan neçə nəfərin döyüşçü və ya mülki şəxslər olduğunu bilmədiyini bildirib.

İsrail hərbi qüvvələrinin bəyanatında Bureyc və Qəzza zolağının mərkəzində Deyr əl-Bələh şəhərinin şərqində əməliyyatların davam etdirildiyi, bir neçə fələstinli militantın öldürüldüyü və militantların infrastrukturunun məhv edildiyi deyilir.

Bazar günü tanklar Rəfahın bütün şərq sahilini əhatə edən iki yeni əraziyə daxil olaraq, sakinlərin dediyinə görə, evlərində sıxışıb qalmış HƏMAS-ın başçılıq etdiyi silahlı qruplarla döyüşüb.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) məlumatına görə, fələstinli qaçqınların son sığınacaqlarını tərk edərək, şimala yönəlməsindən sonra bir ay əvvəl Rəfahda sığınan 1 milyondan çox sakin və qaçqından təxminən 100 mini şəhərdə qalıb.

“UNRWA-nın Rəfahdakı bütün sığınacaqları boşaldılıb. Rəfahda yaşayan insanların çoxu həm Xan Yunisdə, həm də Qəzzanın mərkəzi bölgəsində daha təhlükəsiz yerlər axtarmaq üçün sahil boyu yerlərə qaçıb”, agentliyin bəyanatında deyilir.

Fələstinli həkimlərin bildirdiyinə görə, bazar günü İsrailin Rafahın qərbindəki Tel Əl-Sultandakı bir evə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb.

İsrail ordusu bildirib ki, 162-ci diviziyanın əsgərləri Rəfahın bəzi hissələrində reyd keçirərək, orada fələstinli islamçı militantlara məxsus “çoxlu sayda əlavə terror tunelləri, minaatan və [digər] silahlar” aşkar ediblər.

“İsrail terrora təslim olmayacaq,” İsrailin baş naziri Benyamin Netanyahu deyib. “Biz missiyanı başa çatdırana və həm sağ qalan, həm də ölən bütün girovlarımızı evə qaytarmayana qədər geri çəkilməyəcəyik”, o, xilasetmə əməliyyatından sonra bildirib.

İsrailin müdafiə naziri Yoav Qallant xilasetmə əməliyyatının çətin olduğunu deyib. O, açıqlamasında İsrail əsgərlərinin “Qəzzada ən mürəkkəb şəhər mühitində ağır atəş altında” əməliyyatlar apardığını və bunun onun İsrailin müdafiəsi sahəsində 47 illik xidməti zamanı şahidi olduğu “ən cəsarətli və fövqəladə əməliyyatlardan biri” olduğunu bildirib.

İsrail xilas edilən girovların 25 yaşlı Noa Arqamani, 21 yaşlı Almoq Meir Can, 27 yaşlı Andrey Kozlov və 40 yaşlı Şlomi Ziv olduğunu bildirib. Hərbi qüvvələr onların tibbi yoxlanışdan keçmək üçün xəstəxanaya aparıldığını və sağlamlıqlarının yaxşı vəziyyətdə olduğunu bildirib.

HƏMAS lideri İsmayıl Haniyə şənbə günü bəyanat yayaraq bildirib ki, “bizim insanlarımız təslim olmayacaq və müqavimət bu cinayətkar düşmən qarşısında hüquqlarımızı müdafiə etmək üçün davam edəcək”.

Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bildirib ki, İsrail “dəhşətli qırğınlar törətməklə girovların bir qismini azad edə bilib, lakin əməliyyat zamanı bəzilərini də öldürüb”. Əbu Ubeydə bu barədə Telegram kanalında açıqlama verib, lakin bunu təsdiqləmək mümkün olmayıb.

Xilasetmə əməliyyatı Qəzzada mülki vətəndaşları qorumaq üçün İsrailə beynəlxalq təzyiqlərin artırdığı vaxta təsdaüf edir. İsrail və HƏMAS arasında dalana dirənmiş atəşkəs danışıqlarını canlandırmaq üçün ABŞ dövlət katibi Antoni Blinken bazar günü Yaxın Şərqə yollanır.

Üç günlük səfər zamanı Blinken Misir, İsrail, İordaniya və Qətərdə olacaq.

Qəzzanın səhiyyə nazirliyinin verdiyi məlumata görə, İsrailin hücumu nəticəsində indiyədək ən azı 37 084 fələstinlini öldürülüb.

İsrailin rəsmi məlumatlarına görə, HƏMAS-ın oktyabrın 7-də terror aktı İsraildə əksəriyyəti mülki şəxslər olmaqla,1200-ə yaxın insanın ölümü ilə nəticələnib. HƏMAS militantlarının 251 nəfəri girov götürdüyü, onlardan ordunun verdiyi məlumata görə, ölən 41 nəfər də daxil olmaqla, 116-nın Fələstin ərazisində qaldığı bildirilir.

Forum

XS
SM
MD
LG