Accessibility links

Bayden və Makron Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya yardım məqsədilə istifadə etmək barədə razılığa gəliblər


ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında keçirilən ikitərəfli görüşdən sonra mətbuat üçün açıqlamalar veriblər, 8 iyun 2024.
ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında keçirilən ikitərəfli görüşdən sonra mətbuat üçün açıqlamalar veriblər, 8 iyun 2024.

ABŞ prezidenti Co Bayden bazar günü Fransa prezidenti Emmanuel Makron ilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya yardım məqsədilə istifadə edilməsi barədə razılığa gəldiyini bildirib. Təfərrüatlar açıqlanmayıb.

Jurnalistlərin Bayden və Makronun bu məsələni müzakirə edib-etmədikləri və razılığa gəlib-gəlmədikləri ilə bağlı sualının cavabında Bayden “bəli və (bir daha) bəli” cavabını verib.

Sənayesi inkişaf etmiş ölkələrin Böyük Yeddilər qrupu - G7 və Avropa İttifaqı Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya böyük məbləğdə kredit ayrılması və 2025-ci ilə qədər Kyivin maliyyələşdirilməsi üçün istifadə edilməsini nəzərdən keçirir.

Bayden və Makron dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən Ukraynanın xeyrinə istifadə etmək üçün Avropa İttifaqı və G7 qrupunun səylərini dəstəkləməyə söz veriblər.

Dünya ölkələrində Rusiyanın təxminən 260 milyard avro (280,9 milyard dollar) məbləğində suveren aktivləri dondurulub. Böyük hissəsi Avropa İttifaqında olan bu vəsaitlərdən ildə 2,5 ilə 3,5 milyard avro arasında mənfəət əldə edilir. Avropa İttifaqı bunun Rusiyaya müqavilə əsasında borc olmadığını və buna görə də “gözlənilmədən əldə edilən mənfəət” olduğunu bildirir.

ABŞ-ın təklifi bu gəlirlərdən bazara cəlb oluna biləcək 50 milyard dollarlıq kreditə xidmət etmək üçün daimi gəlir axını kimi istifadə etməkdən ibarətdir.

Rusiya iddia edir ki, dondurulmuş vəsaitlərdən əldə edilən gəlirin istənilən şəkildə istifadəsi oğurluğa bərabər olacaq.

Rusiya aktivlərindən əldə edilən mənfəətin istifadəsi bəzi ölkələrdə narahatlıq yaradıb, lakin ABŞ Maliyyə Nazirliyinin sözçüsü çərşənbə axşamı bildirib ki, Birləşmiş Ştatlar və onun G7 qrupunda tərəfdaşları məsələ ilə bağlı razılıq əldə etməkdə irəliləyiş əldə edirlər.

Bayden Fransaya səfər zamanı Fransa prezidenti Emmanuel Makron ilə Ukraynada durumu müzakirə edib. Prezidentlər Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bir daha pisləyib və Rusiyanın beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini pozaraq, Ukraynanın suveren ərazisini ilhaq etmək cəhdini rədd ediblər.

Birləşmiş Ştatlar və Fransa Ukraynada müharibənin faciəvi humanitar nəticələri, eləcə də müharibənin qlobal ərzaq təhlükəsizliyi, enerji, nüvə təhlükəsizliyi və ətraf mühitə təsirinin azaldılması məqsədinə sadiq olduqlarını vurğulayıblar.

Forum

XS
SM
MD
LG