Accessibility links

Avropa Parlamenti seçkilərində ifrat sağçılar əhəmiyyətli nəticə əldə edib


Avropa Parlamentində bazar günü keçirilən seçkilərdə ifrat sağ partiyalar əhəmiyyətli nəticə əldə edib. Bu da Aİ-nin gələcək siyasi istiqamətinə qeyri-müəyyənlik əlavə edir.

Seçki günü keçirilən sorğulara əsasən, mərkəzçi, liberal və sosialist partiyalar 28 yer itirməklərinə baxmayaraq, 720 yerlik parlamentdə çoxluğu qoruyub saxlayacaq.

Fransada Marin Le Penin ifrat sağçı partiyası prezident Emmanuel Makron partiyasından daha yaxşı nəticə göstərib.

Makron, seçki nəticəsinin onun hökuməti üçün acınacaqlı olduğunu və gözardı edə bilməyəcəyini deyib. Bu hal Makaronu növbədənkənar milli seçki çağırmağa vadar edib. Əgər Le Penin Milli Toplantı partiyası parlament çoxluğunu qazanarsa, Makronun daxili siyasətə təsiri əhəmiyyətli dərəcədə azalacaq.

Avropa Parlamenti seçkilərinin nəticələri Olaf Şolz üçün də ağır olub. Onun Sosial Demokratlar partiyası əsas mühafizəkarlar və ifrat sağçı - Almaniya üçün Alternativ partiyası qarşısında zəif nəticə göstərib.

Bu arada, exit-poll nəticələri həm də onu göstərib ki, İtaliyanın Baş naziri Giorgia Meloninin mövqeyi güclənib və onun mühafizəkar İtaliya Qardaşları partiyası önə çıxıb.

Bazar günü ifrat sağın seçkilərdə irəliləməsinə baxmayaraq, mərkəzləşdirilmiş exit-poll göstərib ki, sağ mərkəzçi Avropa Xalq Partiyası və ya EPP hələ də yeni qanunverici orqanın ən böyük siyasi ailəsi olaraq qalacaq və hətta daha beş yer qazanaraq, nümayəndələrinin sayını 189-a çatdıra biləcək. Bu da Ursula von der Leyen üçün yaxşı xəbərdir. Çünki o, Aİ-nin güclü icraedici qolunun rəhbərliyi üçün ikinci beşillik müddətə seçilmək istəyir.

Von der Leyen özünü ifrat sağa qarşı qalxan kimi təqdim edib. "Mərkəz qalır. Ancaq bu da bir həqiqətdir ki, sol və sağdakı ifratçılar dəstək qazanıb və buna görə də nəticə mərkəzdəki partiyalar üçün böyük məsuliyyət yaradır".

Analitiklər Avropadakı millətçi partiyaların üstünlük qazanmasını artan qiymətlərdən narazılıq, miqrasiya ilə bağlı narahatlıqlar və yaşıl keçidin yaratdığı xərclər, eləcə də Ukraynadakı müharibə ilə əlaqələndirirlər.

Mühafizəkarlar indi öz qələbələri ilə Aİ siyasətinə təsir etməyə çalışacaqlar.

Avropa Parlamentində sağa doğru dəyişiklik təhlükəsizlik çağırışlarına, iqlim dəyişikliyinin təsiri və ya Çin və ABŞ-ın sənaye rəqabətinə cavab vermək üçün lazım ola biləcək yeni qanunvericiliyin qəbulunu çətinləşdirə bilər.

Forum

XS
SM
MD
LG