Accessibility links

Blinken: HƏMAS atəşkəs razılaşmasına işlənilməsi qeyri-mümkün dəyişikliklər təklif edib


ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü bildirib ki, HƏMAS masada olan atəşkəs razılaşmasına “çoxsaylı dəyişikliklər” təklif edib: “Bu təkliflərin bəziləri işləkdir, bəziləri isə yox”.

“İsrail təklifi hazırkı formada və olduğu kimi qəbul edib. HƏMAS etmədi”, deyən Blinken Dohada keçirdiyi mətbuat konfransında bildirib ki, "Qarşıdakı günlərdə tərəfdaşlarımızla, Qətər və Misirlə təcili şəkildə bu razılaşmanı bağlamağa çalışacağıq".

Qətər Misirlə birlikdə Qəzzada təklif olunan çoxmərhələli atəşkəslə bağlı İsrail və HƏMAS arasında vasitəçilik edir.

Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani jurnalistlərə bildirib ki, Qətər, ABŞ və onların tərəfdaşları "müharibəyə mümkün qədər tez son qoymaq məqsədi ilə bir yol tapmaq üçün uçurumu aradan qaldırmağa sadiqdirlər”.

Qətərin baş naziri həmçinin Fələstin dövləti ilə İsrailin yan-yana mövcud olmasına imkan verəcək daimi və davamlı həllin vacibliyini vurğulayıb.

Dövlət Departamentinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar HƏMAS-ın Amerikanın dəstəklədiyi hazırkı atəşkəs təklifinə cavabını nəzərdən keçirir.

Hazırda bölgədə diplomatik səfərdə olan Blinkenin digər rəsmilərlə bilrikdə gecə saatlarında, HƏMAS-ın Qətər və Misir kimi vasitəçilərlə təqdim etdiyi cavabı qiymətəndirir.

Blinken Misir kəşfiyyatının rəhbəri Abbas Kameldən sənədi almaq üçün iki yüksək səviyyəli administrasiya rəsmisini göndərib.

HƏMAS rəsmisi deyib ki, "HƏMAS-ın cavabı qrupun mövqeyini bir daha onu təsdiqləyir ki, istənilən razılaşma sionistlərin xalqımıza təcavüzünə son qoymalı, İsrail qüvvələrini oradan çıxarmalı, Qəzzanı yenidən qurmalı və ciddi məhbus mübadiləsi razılaşmasına nail olunmalıdır".

ABŞ prezidenti Co Bayden atəşkəs təklifinin detallarını hələ bir neçə həftə əvvəl açıqlayıb. Bayden və digər ABŞ rəsmiləri dəfələrlə razılaşma barədə vurğulayıb ki, bu İsrailin təklifidir. Blinken çərşənbə axşamı bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu sazişə sadiqliyini bir daha təsdiqləyib.

Bununla belə, razılaşma barəsində potensial mübahisə məqamları qalmaqdadır. HƏMAS-ın İsrailin Qəzzadakı qüvvələrini geri çəkməsini tələb etməsi və İsrailin HƏMAS-ı məğlub etmək və militant qrupun İsrailə qarşı gələcəkdə hər hansı bir hücum təşkil edə bilməməsini təmin etmək məqsədinə sadiq qalması da daxil olmaqla, hələ də bəzi potensial mübahisələr var.

Üç fazalı atəşkəs təklifi ilkin mərhələdə döyüşlərin dayandırılmasını, Qəzzadan bəzi girovların azad edilməsini, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsini, fələstinlilərə humanitar yardımın artırılmasını, İsrail qoşunlarının çıxarılmasını tələb edir.

İkinci mərhələ Qəzzada bütün digər girovların azad edilməsi və İsrail qoşunlarının Qəzzadan tam çıxarılması müqabilində hərbi əməliyyatların daimi dayandırılmasını nəzərdə tutulur.

Son mərhələ İsrailin səkkiz aylıq bombardmanları nəticəsində çoxu viran qalmış Qəzza zolağının çoxillik yenidənqurma planını əhatə edir. Bu, həmçinin Qəzzada hələ də ölən girovların qalıqlarının qaytarılmasını təmin edəcək.

Bununla belə İsrail ordusu çərşənbə günü Qəzza zolağının mərkəzinə və eləcə də cənubundakı Rəfah şəhərinə qurudan və havadan hücumlar həyata keçirdiyini bildirib.

İsrail həmçinin Hizbullah militantlarının ölkənin şimalına 150-dən çox raket atmasından sonra Livanın cənubundakı hədəfləri vurduğunu bildirib.

Hizbullah bildirib ki, hücum İsrailin çərşənbə axşamı onların yüksək rütbəli komandirini öldürməsinə cavab idi.

Hər iki tərəf Qəzzadakı müharibə boyunca hər gün sərhədyanı bölgədə qarşılıqlı şəkildə bir birinə atəş açır. Bu da regional münaqişənin genişlənməsi qorxusunu artırır.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı, İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovların təxminən yarısı noyabrda əldə olunan atəşkəs nəticəsində sərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrail ordusunun hücumu nəticəsində 36 mindən çox insan ölüb. Onlar minlərlə insanın hələ də dağıntılar altında qaldığını bildirir.

Forum

XS
SM
MD
LG