Accessibility links

Yerevan Minskdən səfirini geri çağırıb


Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Yerevanın Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırdığını bildirib. Nazirlik təfərrüatları açıqlamayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 13-də parlamentdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münasibətlərdən danışarkən bir daha Belarusa səfər etməyəcəyini bildirib.

“Aleksandr Lukaşenko orada prezident olduğu müddətdə mən bir daha Belarusa səfər etməyəcəyəm və Ermənistanın bir nəfər də olsun rəsmi nümayəndəsi getməyəcək”, o deyib.

Paşinyan Lukaşenkonun mayın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı dediyi sözləri xatırladıb. Belarus prezidenti Bakıda səfəri zamanı görüşdə bunları deyib: “Mən bir daha fikirləşdim və müharibədən əvvəl, sizin azadlıq müharibənizdən əvvəl bir yerdə nahar zamanı fəlsəfi söhbətimizi xatırladım. O zaman biz belə bir qənaətə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu, çox önəmlidir. Bu qələbəni qoruyub saxlamaq çox vacibdir”.

Ermənistanın baş nazirinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərindən biri “44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini, buna inandığını və Azərbaycanın qələbəsini arzuladığını iddia edib” .

“Bundan sonra mən Belarus prezidenti ilə KTMT formatında bəzi məsələləri müzakirə etməliyəm?” - deyə, Paşinyan qeyd edib, eyni zamanda, MDB və Avrasiya İqtisadi Birliyi çərçivəsində Lukaşenko ilə “müəyyən mənada əməkdaşlıq etməyə məcbur olacağını” bildirib.

Buna cavab olaraq Belarus Xarici İşlər Nazirliyi öz səfirini Yerevandan geri çağırıb. Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib ki, hamı “ölkə daxilində qarşıdurmanın necə sürətlə artdığını” görür.

“Əlbəttə ki, fərqli insanlar, ciddi emosional stressə qarşı fərqli müqavimət göstərirlər, amma biz başa düşmürük - Belarusun bununla nə əlaqəsi var? Əgər kimsə xarici düşməni göstərməklə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən siyasət deyil”.

Paşinyan bir gün əvvəl Ermənistanın KTMT-dən çıxmaq niyyətində olduğunu deyərək əlavə edib ki, “başqa yol yoxdur”. O, təşkilatdan çıxmaq üçün konkret tarix açıqlamayıb və qeyd edib ki, bu, Ermənistan hakimiyyətinin belə bir addımı zəruri hesab etdiyi zaman baş verəcək. Paşinyan həmçinin məsuliyyəti ölkənin əvvəlki hakimiyyət orqanlarının üzərinə qoyaraq, onların “üzvləri məlum olduğu kimi müqavilə ilə öhdəliklərini yerinə yetirmədikləri köpük ittifaqı” yaratdıqlarını deyib.

Baş nazir Nikol Paşinyan ölkə daxilində onun istefası çağırışları ilə artan təzyiqlərlə qarşılaşır. Polislə toqquşmalardan bir gün sonra hökumət əleyhinə etirazçılar bu dəfə Ermənistan hökumətinin binası qarşısında yenidən toplaşır.

Paşinyan Nazirlər Kabinetinin həftəlik iclasına iyunun 13-də sədrlik etməli idi, lakin parlamentdə planlaşdırılan büdcə müzakirələri ilə əlaqədar iclasın tarixi iyunun 14-nə keçirilib.

Bu arada arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi nümayişçilər polis əməkdaşlarının binanın girişində sıraya düzüldüyü dövlət idarələrinin qarşısında toplaşıblar.

Baş nazir və qanunvericiləri tənqid edən Qalastanyan “onların şəxsiyyətlərinin olmadığını və polisin arxasında gizləndiklərini” deyib.

İyunun 12-də keçirilən aksiya zamanı baş nazirin hökumətinin təhlükəsizlik siyasətinə və dörd sərhəd kəndini Azərbaycana təhvil vermək qərarına etiraz olaraq qanunverici orqan qarşısında polislə toqquşmada 100-ə yaxın insan yaralanıb.

İyunun 13-də parlamentdə çıxış edən Paşinyan yenidən polisin hərəkətini müdafiə edərək, bunu “qanuni və peşəkar” adlandırıb.

Parlamentin spikeri Alen Simonyan bildirib ki, etiraz aksiyasının lideri arxiyepiskop Baqrat Qalstanyanın “insanları polisə hücum etməyə təhrik etməsindən” sonra polis “haqlı olaraq səs qumbaralarından istifadə edib”.

Qalstanyan iyunun 13-də axşam saatlarında tərəfdarlarını yenidən parlament binası yaxınlığında toplayacağını bildirib.

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının 53 yaşlı arxiyepiskopu Qalstanyan sülh sazişi çərçivəsində bir neçə sərhəd ərazisinin Azərbaycana qaytarılması planları ilə əlaqədar aylardır Paşinyana qarşı etirazlara rəhbərlik edir.

İyunun 12-də etirazçılara müraciət edən Qalstanyan Paşinyanın “dinc yolla getməsi şərtlərini” müzakirə etməsini istədiyini deyib.

Qalstanyan “Vətən naminə Tavuş” hərəkatı ilə on minlərlə nümayişçini cəlb edərək, Paşinyanın altı illik hakimiyyəti üçün görünməmiş çətinlik yaradıb.

İyunun 12-də parlamentdə qanunvericilər qarşısında çıxış edən Paşinyan KTMT-ni Ermənistanı müdafiə etmədiyinə görə qınayıb və onun bəzi üzvlərinin Azərbaycanın tərəfində olduğunu deyib.

“Məlum oldu ki, onun üzvləri müqavilə üzrə öhdəliklərini yerinə yetirməyiblər və Azərbaycanla birlikdə bizə qarşı müharibə planlaşdırıblar”, o, təfərrüatlara varmadan bildirib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG