Accessibility links

Putin Ukraynanın Moskvanın işğal etdiyi ərazilərdən çıxacağı və NATO üzvlüyündən imtina edəcəyi halda atəşkəsə söz verib


Rusiya prezidenti Vladimir Putin cümə günü Kyiv 2022-ci ildə Moskvanın ilhaq etdiyi dörd bölgədən Ukrayna qoşunlarını çıxarmağa başlasa və NATO-ya qoşulmaq planlarından imtina etsə, Ukraynada "dərhal" atəşkəs barədə göstəriş verəcəyinə və danışıqlara başlayacağına söz verib.

Lakin hərbi alyansa qoşulmaq istəyən və Rusiyadan hərbi qüvvələrini bütün ərazisindən çıxarmağı tələb edən Kyiv üçün belə bir razılaşma qəbuledilməzdir. Putinin təklifi ilə bağlı Ukrayna tərəfindən heç bir açıqlama verilməyib.

"Biz bunu dərhal edəcəyik", Putin Moskvada Rusiya Xarici İşlər Nazirliyində çıxışı zamanı deyib.

Putinin bu açıqlamaları dünyanın yeddi aparıcı sənayeləşmiş dövlətlərinin liderlərindən ibarət G7 qrupunun İtaliyada zirvə görüşünün keçirildiyi və İsveçrənin bu həftə sonu Ukraynada sülhə doğru ilk addımları planlaşdırmaq üçün dünya liderlərinin sülh konfransına hazılaşdığı fonda verilib.

ABŞ və Ukrayna habelə bu həftə 10 illik müddətinə təhlükəsizlik sazişi imzalayaraq, bunu münasibətlərdə mühüm mərhələ kimi qiymətləndiriblər.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlayıb. Ukrayna qüvvələri Rusiyanın paytaxta doğru irəliləməsinin qarşısını aldıqdan sonra döyüşlərin böyük hissəsi cənub və şərqdə aparılıb və Rusiya şərq və cənubdakı bölgələri qanunsuz olaraq ilhaq etsə də, bununla belə bu ərazilərə tam nəzarət edə bilmir.

Putin bildirib ki, onun təklifi Ukraynadakı münaqişənin “dondurulması” deyil, “yekun həlli”nə yönəlib. O, Kremlin “gecikmədən danışıqlara başlamağa hazır olduğunu” vurğulayıb.

Rusiya liderinin sadaladığı daha geniş sülh tələbləri arasında Ukraynanın qeyri-nüvə statusu, onun hərbi gücünə məhdudiyyətlər və ölkədəki rusdilli əhalinin maraqlarının qorunması da yer alır.

Putinin bildirdiyinə görə, bütün bunlar “fundamental beynəlxalq müqavilələrin” bir hissəsi olmalı və Qərbin Rusiyaya qarşı bütün sanksiyaları ləğv edilməlidir”.

"Biz tarixin bu faciəli səhifəsini çevirməyə və Rusiya ilə Ukrayna arasında və ümumilikdə Avropa ilə birliyi addım-addım bərpa etməyə başlamağa çağırırıq" - deyə, Putin əlavə edib.

Putinin açıqlamalar verməsi Ukraynada müharibəni dayandırmaq üçün öz şərtlərini açıq şəkildə ortaya qoyduğu, lakin bu şərtlərə yeni tələblər daxil etmədiyi nadir hallardan biri hesab edilir.

Moskva bundan əvvəl də işğal etdiyi ərazilərin Kyivin tanınmalı olduğunu və NATO-ya daxil olmaq məqsədindən əl çəkməli olduğunu bildirmişdi.

Rusiya 2022-ci ildə qeyri-qanuni ilhaq etdiyi dörd bölgənin heç birinə tam nəzarət etmir. Lakin Putin cümə günü Kyiv bu bölgələrdən tamamilə çıxması və onları faktiki olaraq öz inzibati sərhədləri daxilində Moskvaya verməsində israr edib.

Cənub-şərqdə Zaporijjya vilayətində Rusiya hələ də bölgənin müharibədən əvvəlki 700 min əhalisi olan administrativ paytaxtına nəzarət etmir. Qonşu Xerson vilayətində isə Moskva 2022-ci ilin noyabrında Xersonun ən böyük şəhəri və eyniadlı paytaxtından qoşunlarını geri çəkib.

Putin deyib ki, əgər "Kyiv və Qərb paytaxtları" onun təklifini rədd edərlərsə, "bu, onların işidir, qan tökülməsinin davam etdirilməsinə görə onların siyasi və mənəvi məsuliyyətidir".

Forum

XS
SM
MD
LG