Accessibility links

İsrailin baş naziri müharibə kabinetini buraxıb


İsrail rəsmisinin bildirdiyinə görə, İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi müharibə kabinetini buraxıb. Bu, keçmiş general, mərkəzçi Benny Qantzın keçən həftə qrupdan ayrılmasından sonra gözlənilən idi.

Qantz oktyabr ayında müharibənin başlanğıcında Netanyahunun birlik hökumətinə qoşulub və müharibə kabinetinin yaradılmasını tələb etmişdi. Qantz artıq kabinetdə olmadığına görə Netanyahu qrupu ləğv edib.

Bazar günü İsrail hərbi qüvvələri aclıqdan əziyyət çəkən fələstinlilərə humanitar yardımın çatdırılmasına imkan vermək üçün Qəzzanın cənubunda HƏMAS militantlarına qarşı bombardmanlarda gündüz 11 saatlıq "taktiki fasilə" verəcəyini açıqlayıb.

Agence France-Presse agentliyinin məlumatına görə, arabir döyüşlərə baxmayaraq, bu fasilə bazar ertəsi də davam edib.

İsrail Qəzzanın cənubundakı hücumlarda fasilənin yaxın gələcəkdə də davam edəcəyini və yardım maşınlarının əsas giriş nöqtəsi olan və İsrailin nəzarətindəki Kerem Şalom keçidinə çatmasına imkan verəcəyini bildirib.

Yük maşınları daha sonra Qəzzanın digər hissələrinə ərzaq və tibbi ləvazimat çatdırmaq üçün təhlükəsiz şəkildə yaxınlıqdakı magistral yola çıxa bilərlər.

Elan edilən "taktiki fasilə" Rəfah bölgəsində təxminən 12 kilometrlik yola aiddir, lakin beynəlxalq təşkilatlar və İsrailin əsas müttəfiqi olan ABŞ-ın Qəzzada İsrail və HƏMAS-a əldə olunması üçün təziq göstərdiyi tam atəşkəsdən çox uzaqdır.

Təklif olunan daha geniş atəşkəs Qəzza zolağında döyüşlərin altı həftə müddətinə dayandırılması və İsrail tərəfindən həbs edilən fələstinlilərin müqabilində HƏMAS tərəfindən saxlanılan daha çox girovların azad edilməsinə çağırır. Lakin hələ də atəşkəs danışıqlarında irəliləyişə heç bir əlamət yoxdur.

Döyüşlərin davam edə biləcəyinin başqa bir əlaməti olaraq, İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti bazar günü Qəzza yaxınlığındakı cənub sərhəd qəsəbələrindən təxliyə edilən sakinlər üçün otel və qonaq evləri üçün maliyyənin ayrılması müddətinin avqustun 15-dək uzadıldığını elan edib.

Bununla belə döyüşlərin məhdud şəkildə dayandırılması davam edərsə, İsrailin Rəfaha müdaxiləsindən sonra son həftələrdə sayı daha da artmış fələstinlilərin bəzi ən zəruri ehtiyaclarını həll etməyə kömək edə bilər.

İsrail Qəzzanın digər hissələrinə, o cümlədən Xan Yunisə, Muvasi müvəqqəti çadır düşərgəsinə və Qəzzanın mərkəzinə yardım axınını artıracağını bildirib.

İsrail hərbi qüvvələri bildirib ki, Qəzzada və başqa yerlərdə müsəlmanların Qurban bayramını qeyd etməyə başladığı bazar günü elan edilən fasilə BMT və beynəlxalq yardım agentlikləri ilə müzakirələrdən sonra baş tutub.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri Qəzzada daha çox yardıma ehtiyacın kritik həddə olduğunu bildiriblər. Mayın 6-dan iyunun 6-dək BMT-nin humanitar yardım ofisinin verdiyi məlumata əsasən, BMT gündə orta hesabla 68 yük maşını dolusu yardım alıb. Bu isə ehtiyac duyulan yardımdan qat-qat azdır.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovların təxminən yarısı noyabrda əldə olunan atəşkəs nəticəsində sərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrail ordusunun hücumu nəticəsində 36 mindən çox insan ölüb. Ölənlərin sayına həm mülki şəxslər, həm də döyüşçülər daxildir.

Forum

XS
SM
MD
LG