Accessibility links

NİDA Vətəndaş Hərəkatının fəalı Nicat Əmiraslanov sərbəst buraxılıb


Nicat Əmiraslanov
Nicat Əmiraslanov

NİDA Vətəndaş Hərəkatının fəalı Nicat Əmiraslanov iyunun 17-də, saxlanıldıqdan 2 gün sonra sərbəst buraxılıb.

Bu barədə onun özü Amerikanın Səsinə deyib.

“Mən iyunun 15-də evimizin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanıldım. Sonra məni polis idarəsinə apardılar. Orada Şirin Abbasov (Tire) ilə bağlı cinayət işi üzrə izahat aldılar. İki gün saxlanıldıqdan sonra iyunun 17-də günorta saatlarında sərbəst buraxıldım”, o qeyd edib.

Əmiraslanov barəsində hər hansı cinayət işinin olmadığını bildirib.

“Amma məndən ölkəni və yaşayış yerimi tərk etməmək, istintaq sirrini yaymamaq barədə iltizam alıblar. Bu səbəbdən detallı danışa bilmirəm”, fəal deyib.

Nicat Əmiraslanov saxlanılması ilə bağlı şikayət verəcəyini bildirib.

Nicat Əmiraslanovun saxlanıldığı barədə NİDA Vətəndaş Hərəkatı iyunun 15-də bəyanat yayıb.

Hərəkat Əmiraslanovun həbsini “əsassız” hesab edir və bunu “son aylarda Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həyata keçirilən repressiya dalğasının davamı” kimi qiymətləndirir.

“Rəsmi qurumlar tərəfindən Nicat Əmraslanovun səhhəti, ona qarşı ittihamın detalları barədə məlumat verilməsini, onun və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edirik”, bəyanatda bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Amerikanın Səsinin sorğusuna cavabda Nicat Əmraslanovla bağlı məlumata malik olmadıqlarını bildirib.

Əmiraslanov əvvəllər də təqiblərə məruz qalıb.

O, 2017-ci ildə Qazax rayonunda 30 sutka inzibati həbs edilib.

Forum

XS
SM
MD
LG