Accessibility links

BMT-nin insan haqları ofisi: İsrailin Qəzzaya aviazərbələri "müharibə qanunlarını" pozmuş ola bilər


Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları ofisi bildirib ki, İsrailin Qəzzaya endirdiyi aviazərbələr "müharibə qanunlarının fundamental prinsiplərini dəfələrlə pozmuş ola bilər".

Çərşənbə günü açıqlanan hesabatda keçən ilin oktyabr və dekabr ayları ərzində İsrail Müdafiə Qüvvələrinin Qəzzaya altı hava hücumu araşdırılıb.

İnsan haqları ofisi yaşayış binaları, məktəblər, bazarlar və qaçqın düşərgələrini hədəf alan hava hücumları nəticəsində 200-dən çox insanın həlak olduğunu təsdiqləyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk bildirib ki, İsrail Qəzzanı bombardman edərkən fələstinli mülki şəxslərlə HƏMAS döyüşçüləri arasında "effektiv fərq qoymağa" cəhd etməyib.

O deyib ki, "mülki insanların həyatı və infrastrukturu beynəlxalq insan haqları hüququ əsasında qorunur. Bu qanun silahlı münaqişə zamanı tərəflərin çox aydın öhdəliklərini müəyyən edir ki, bu da mülki şəxslərin müdafiəsinin prioritet təşkil etməsidir".

Hesabatda göstərilir ki, altı hücum epizodu zamanı 113 kiloqramdan 907 kiloqrama qədər ağır bombalardan istifadə olunub.

Hesabatda həmçinin deyilir ki, Fələstin silahlı qruplarının İsrailə qarşı davam etdirdiyi raket hücumları "onların beynəlxalq humanitar hüquq üzrə götürdükləri öhdəliklərinə uyğun gəlmir".

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovların təxminən yarısı noyabrda əldə olunan atəşkəs nəticəsində sərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi ərazinin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun hücumu nəticəsində 36 mindən çox insan ölüb. Ölənlərə həm mülki şəxslər, həm də döyüşçülər daxildir.

Forum

XS
SM
MD
LG