Accessibility links

Azərbaycanda silahlı insidentdə üçü polis olmaqla beş nəfər qətlə yetirilib


Polis (Mənbə: Daxili İşlər Nazirliyi)
Polis (Mənbə: Daxili İşlər Nazirliyi)

İyunun 24-də Bakıda silahlı insident nəticəsində 3 nəfəri polis əməkdaşı olmaqla 5 nəfər həyatını itirib.

Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, paytaxt Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

“O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib”, məlumatda qeyd edilir.

Daxili İşlər Nazirliyi bildirir ki, Allahverdiyev ailə üzvlərini - həyat yoldaşını, uşaqlarını irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb.

“Polis əməkdaşları o anda silah tətbiq etməyib ki, günahsız insanlar, uşaqlar qurban olmasın. Özlərini fəda ediblər. Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər”, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev qeyd edib.

Allahverdiyev dələduzluq ittihamı ilə axtarışda olub.

Bununla yanaşı, insident zamanı öldürülən Allahverdiyevin yaxınları və vəkili bu məlumata hələ münasibət bildirməyib.

Bu, 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində və 2018-ci ilin iyulunda Gəncə şəhərində baş verən silahlı qarşıdurmadan sonra son illərdə ən çox insanın qətlə yetirildiyi silahlı insidentdir. Nardaran hadisələri zamanı ikisi polis olmaqla 7 nəfər, Gəncə hadisələri zamanı isə iki polis zabiti qətlə yetirilib.

Forum

XS
SM
MD
LG