Accessibility links

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb


Azərbaycanda koronavirus
Azərbaycanda koronavirus

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, koronavirusun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan öncə bu müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib.

Bu ilin aprelində Prezident İlham Əliyev Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

"Sərhədləri bağlı saxlamaq qərarı COVİD-ə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır".

Əliyev bu barədə aprelin 23-də, ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirlən beynəlxalq forumda bildirib.

"Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır."

O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini deyib.

"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır", o qeyd edib.

Siyasi şərhçi Elman Fəttah isə hökumətin quru sərhədləri milli təhlükəsizlik səbəbi ilə bağlı saxlamasını manipulyasiya hesab edir.

Elman Fəttah
Elman Fəttah

"Sərhədlərin mühafizəsi bütün ölkələrin icra etdiyi bir məsələdir. Heç bir təhlükə sərhəd keçid məntəqəsində pasportunu təqdim edib Azərbaycan ərazisinə keçmir. Mən inanmıram ki, indiyədək dünya siyasəti tarixində hansısa ölkə sərhəd keçid məntəqəsi ilə milli təhlükəsizlik məsələsini tələffüz etmiş olsun, yaxud tətbiq etmiş olsun. Bu baxımdan düşünürəm ki, bu, İlham Əliyevin şəxsi qərarıdır. Bunun nə ilə əlaqəli olduğunu əsaslandırmaq çətindir, çünki bu məsələnin hər hansı milli maraqla, milli təhlükəsizliklə yaxından-uzaqdan əlaqəsi yoxdur" - deyə, o, qeyd edib.

Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilər.

Polis quru sərhədləri açın tələbi ilə keçirilən asksiyanı dağıdıb
Polis quru sərhədləri açın tələbi ilə keçirilən asksiyanı dağıdıb

Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-da COVID-19 virusunun artıq qlobal ictimai səhiyyəyə təhlükə təşkil etmədiyini elan edib.

Forum

XS
SM
MD
LG