Accessibility links

Özünü yandıran Qarabağ müharibəsi iştirakçısının xəstəxanada həyatını itirdiyi bildirilir


İyunun 18-də Ağstafada özünü yandıran Qarabağ müharibəsi iştirakçısı Elvin Alıyev hadisədən sonra vəfat edib. 32 yaşlı Elvin Alıyev iyunun 23-də Bakıda müalicə aldığı Yanıq Mərkəzində həyatını itirib.

Qarabağ müharibəsi iştirakçısı özünü yandırandan sonra Ağstafadakı Mərkəzi Xəstəxanaya çatdırılıb. Orada ilkin tibbi yardımdan sonra Bakıya – Yanıq Mərkəzinə köçürülüb. Müayinə zamanı Elvin Alıyevin bədəninin 70 faizinin yandığı məlum olub.

Elvin Alıyev 2020-ci ildə 44 günlük müharibə zamanı ağır kəllə-beyin travması alaraq, sağlamlığını itirib, ona III qrup əlillik təyin edilib.

Hadisənin baş verməsinin səbəblərinin məlum olmadığı, faktla bağlı araşdırma aparıldığı bildirilir.

2021-ci ilin noyabrında mediada Elvin Alıyevin Ağstafada polislər tərəfindən döyülməsi barədə məlumat yayılmışdı. Anası Şövkət Alıyeva bildirmişdi ki, oğlunu Ağstafa rayon Polis Şöbəsinin 3-4 əməkdaşı döyüb. Nəticədə o, xəstəxanaya yerləşdirilib.

Həmin dövrdə Daxili İşlər Nazirliyi polislərin onu döyməsi barədə iddiaları təkzib edib. Nazirliyin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumatda bildirilirdi ki, polislər şöbədə araşdırılan işlə əlaqədar Ağstafa sakinini gətirməyə gedəndə qonşuluqda Elvin Alıyev onlara mane olub.

"Polis əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməyə mane olub, nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub".

Forum

XS
SM
MD
LG