Accessibility links

WikiLeaks-in qurucusu Culian Assanj ABŞ-da məhkəmə çəkişmələri bitdikdən sonra Avstraliyaya qayıdıb


WikiLeaks-in təsisçisi Culian Assanj ABŞ-ın hərbi sirlərini əldə edib dərc etməkdə təqsirli olduğunu etiraf etdikdən bir neçə saat sonra çarter təyyarəsi ilə vətəni Avstraliyaya qayıdıb.

İllərdir davam edən beynəlxalq intriqalı cinayət işi 52 yaşlı Assanjın Şimali Mariana adalarının paytaxtı Saipan şəhərində ABŞ-ın rayon məhkəməsinə müraciət etməsi ilə ən qeyri-adi şəraitdə başa çatıb. Sakit Okeandakı Amerika Birliyi Assanjın vətəni Avstraliyaya nisbətən yaxındır və məhkəmə onun Birləşmiş Ştatlara girməmək istəyinə uyğun olub.

Hakim onu casusluq qanununa görə, beş il müddətinə azadlıqdan məhrum edib. Həmin beş ili o, İngiltərədə dəmir barmaqlıqlar arxasında keçirib. Bundan əvvəl Assanj Ekvadorun Londondakı səfirliyində yeddi il müddətinə gizlənmişdi.

O, ABŞ Ədliyyə Nazirliyi ilə əldə edilən razılaşmaya əsasən cinayət ittihamlarını etiraf edib.

Assanj ABŞ-ın İraq və Əfqanıstandakı hərbi qanun pozuntularının təfərrüatlarını özündə əks etdirən yüz minlərlə müharibə qeydlərini və diplomatik teleqramları dərc etməkdə ittiham olunurdu. Onun fəaliyyəti mətbuat azadlığının müdafiəçiləri tərəfindən böyük dəstək qazanmışdı.

WikiLeaks-in dərc etdiyi fayllar arasında 2007-ci ildə Amerika qüvvələrinin Bağdadda Apaçi helikopterinin iki Reuters jurnalisti də daxil olmaqla, 11 nəfərin ölümünə səbəb olan hücumunun videosu da var.

Assanj 2016-cı ildə internet saytında Demokratların elektron yazışmalarını dərc etdikdən sonra manşetlərə çıxmışdı. Prokurorlar həmin yazışmaların Rusiya kəşfiyyatı əməliyyatçıları tərəfindən oğurlandığını desə də, o, heç vaxt xüsusi prokuror Robert Müllerin Rusiya təhqiqatında ittiham olunmayıb, lakin istintaq o zaman Respublikaçı namizəd Donald Trampın adından həminilki seçkilərə müdaxilədə haker əməliyyatının oynadığı rolu qrafik təfərrüatı ilə üzə çıxarmışdı.

Uçuş zamanı onu Avstraliyanın ABŞ-dakı səfiri Kevin Rudd və Böyük Britaniyadakı ali komissarı Stiven Smit müşayiət edib. Onların hər ikisi London və Vaşinqtonla onun azadlığına dair danışıqlarda mühüm rol oynayıb.

Assanjın Kanberradan hara gedəcəyi və gələcək planları bəlli deyil. Onun cənubi afrikalı vəkil həyat yoldaşı və iki uşağının anası Stella Assanj günlərlə Avstraliyada onun azadlığa çıxmasını gözləyirdi.

Forum

XS
SM
MD
LG