Accessibility links

Ali Məhkəmə yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən şəxsə bəraət verməyib


Əsgər Ağazadə məhkəmə prosesində
Əsgər Ağazadə məhkəmə prosesində

İyunun 27-də Ali Məhkəmə hakim Vidadi Cəfərovun sədrliyi ilə 2020-ci ildə yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin kassasiya şikayətini təmin etməyib.

Vəkil Zibeydə Sadıqovanin sözlərinə görə, təqsirləndirilən şəxs məhkəmədən bəraət istəyib.

"Məhkəmə şikayəti təmin etmədi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxladı" - deyə, vəkil qeyd edib.

2022-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Ağazadəyə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. O, Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunur.

Əsgər Ağazadə məhkəmədə özünü təqsirli bilməyib, Sənay Yağmurun onlarda qaldığı gecə ona təcavüz etməsi barədə ittihamın əsassız olduğunu deyib. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edib ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Forum

XS
SM
MD
LG