Accessibility links

Ərdəbildə seçkilərlə bağlı paylaşım edən iki nəfər həbs edilib


Ərdəbil prokuroru Cəlal Afaqi (Şəkil dövlət agentliyi İRNA-nın saytından götürülüb.)
Ərdəbil prokuroru Cəlal Afaqi (Şəkil dövlət agentliyi İRNA-nın saytından götürülüb.)

Ərdəbil Ümumi və İnqilab prokuroru Cəlal Afaqi vilayətdə sosial mediada prezident seçkiləri ilə bağlı paylaşım edən iki nəfərin həbs edildiyini açıqlayıb.

Rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, bu vilayətin ədliyyə rəsmisi Afaqi, bu iki şəxsin "seçki ilə bağlı yalan xəbərlər paylaşmaq" və "ictimai rəyi çaşdırmaq" ittihamları ilə həbs edildiyini bildirib.

Bu vilayətin ədliyyə rəsmisi kiber polisin sosial şəbəkələri diqqətlə izlədiyini açıqlayıb.

"İctimai rəyi çaşdırmaq məqsədi ilə kiberməkanda seçkilərlə bağlı yalan xəbərlər yayan bu şəxslərlə bağlı məhkəmə işi açılıb"-deyə, o bəyan edib.

Bu şəxslərin harada saxlanıldığı və kimlikləri açıqlanmayıb.

İranda sosial şəbəkələr təhlükəsizlik qurumları tərəfindən diqqətlə izlənir. İran hakimiyyəti, çoxsaylı məhdudiyyətlər və qadağalar tətbiq edərək, ölkədə Telegram və Instaqram kimi bəzi populyar sosial şəbəkələrə girişi əngəlləyib. Bununla belə, bu platformalarda istifadəçilərin fəaliyyəti davamlı olaraq izlənilir və tənqidi paylaşım edən fəallar həbs edilir.

Hüquq müdafiəçiləri hakimiyyətin bu tədbirlərini, cəmiyyətdə söz azadlığı və vətəndaşlıq hüquqlarının pozulması kimi qiymətləndirir.

Forum

XS
SM
MD
LG