Accessibility links

Ombudsman Aparatı Sevinc Vaqifqızının qaldırdığı məsələnin nəzarətdə saxlanılıdığını deyir


Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

Ombudsman Aparatı Amerikanın Səsinin həbsdə olan "Abzas Media" saytının baş redaktoru Sevinc Vaqifqızının iyunun 12-də məhkəmədə dedikləri ilə bağlı ünvanladığı sorğuya cavab verib.

İyunun 12-də həbsdə olan "Abzas Media" saytının baş redaktoru Sevinc Vaqifqızı məhkəmədə bildirib ki, o, təcridxanada saxlanılan digər qadınların təhqirə və zorakılığa məruz qalması ilə bağlı halları ictimailəşdirdiyi üçün ailəsilə telefon danışıqlarına qadağa qoyulub.

Baş redaktor Azərbaycanın insan haqları üzrə müvəkkilinin (ombudsman) təcridxanaya gəlməsini tələb edib.

Bununla bağlı Ombudsman Aparatı Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, qeyd edilən məsələlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nəzarətindədir.

“Sevinc Vaqifqızı Abbasova Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında öz kamerasında dəfələrlə qəbul edilib, onun hüquqlarının müdafiəsi istiqamətində özünün və ailə üzvlərinin müraciətləri və mediada yayılan məlumatlar əsasında müvafiq icraat işləri aparılıb və aidiyyəti dövlət orqanlarına müraciətlər edilib.

Abbasovanın hüquqlarının təmini ilə bağlı atılmış addımlar barədə onun özünə və ailə üzvlərinə ətraflı məlumat verilib. Məsələ nəzarətdə saxlanılır”, sorğuya cavabda qeyd edilir.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG