Accessibility links

Azərbaycanda qiymət artımına siyasətçi və ekspert baxışı


Azərbaycanda iyulun 1-dən benzinin, dizel yanacağının və avtobuslar, metro, hava nəqliyyatında sərnişin daşımalarının qiymətləri artırılıb.

Tarif Şurasının məlumatına görə, əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Bu arada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tarifləri artırıb.

Beləliklə müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq, 50 qəpik, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik olub.

Bundan öncə bu qiymətlər 40 qəpik idi.

Təəhliçilərin fikrincə, qiymətlərin artımı digər sahələrdə də qiyməıt artımı ilə müşahidə ediləcək.

Natiq Cəfərli -İqtisadçı ekspert
Natiq Cəfərli -İqtisadçı ekspert

İqtisadi təhlilçi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, seçkilərdən öncə bu addımın atılması qəribədir.

“Hökumət azı seçkiləri gözləyə bilərdi. İstənilən hökumətdə hakim partiya seçkilərdən öncə belə addım atmır. Bu onu göstərir ki, büdcənin gəlirləri ilə bağlı göründüyündən daha ciddi problemlər var. Bu səbəbdən də seçkiləri gözləmədən bu addımı atmaq qərarına gəliblər”, o belə düşünür.

Təhlilçi həmçinin hesab edir ki, yanacağın qiymətlərinin artırılması üçün fundamental səbəblər də mövcud deyil.

“Benzinin qiymətinin artırılması üçün neftin qiymətinin artması lazım idi. Dünya bazarında neftin qiyməti uzun müddətdir sabitdir, 80-85 dollar civarında stabilləşib. Ona görə də qiymət artımı ilə bağlı fundamental səbəblər yoxdur. Yeganə səbəb büdcənin xərclərinin artması, gəlirlərinin azalmasıdır”, Cəfərli qeyd edib.

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sual edir ki, Azərbaycanda gerçək seçki, azad rəqabət mühiti olsaydı, “hakimiyyət seçki kampaniyası dövründə benzin və dizel yanacağının, nəqliyyatda gedişhaqqının qiymətini artırmağa heç cəsarət edərdimi?”

“Siz heç dünyada benzinin, dizel yanacağının, nəqliyyatda gedişhaqqının qiymətini qaldıraraq seçkiyə gedən hökumət görmüşünüz? Təbii ki, görə bilməzsiniz? Dünyanın hər yerində seçicilər qiymət artımına, xüsusilə də benzin və dizel yanacağı qiymətinə çox həssasdır. Bəs necə olur ki, İlham Əliyev sentyabrın 1-nə parlament seçkisi təyin edir, 2 gün sonra da benzin və dizel yanacağının qiymətini artırırlar?

Ona görə belə edə bilirlər ki, artıq xalqı xalq saymırlar. Əmindirlər ki, hamımızı bütün hüquqlardan məhrum ediblər. Sentyabrın 1- də də seçki keçirməyə yox, seçki şousu təşkil etməyə hazırlaşırlar. Qutuları özləri doldurub, protokollara da istədikləri rəqəmləri yazacaqlar”, o qeyd edib.

Kərimli deyir: “İqtidar növbəti dəfə xatırladır ki, “ucuz benzin üçün də, uşaq pulu ala bilmək üçün də, yaxşı təhsil və səhiyyənin əlçatan olması üçün də, işgəncə və sifarişli həbslərə son qoyulması üçün də gərək hamılıqla "siyasətə qarışaq", vətəndaş olaq və zəbt edilmiş hüquqlarımızı geri alaq”.

İlqar Məmmədov
İlqar Məmmədov

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, Azərbaycanı qarşıda çox çətin zamanlar gözləyir.

“Bunu yaxın beş ildə hər kəs öz həyatında hiss edəcək. İqtisadi böhran gəlir. Çox ciddi iqtisadi böhran gəlir. Həmin dövrdə siyasi proseslərə istiqamət verə biləcək etibarlı institutlara böyük ehtiyac var. Nüfuzlu adamların demokratik təmsilçilikdə olması, səlahiyyətli olması önəmlidir. Bu həm böhranın mümkün qədər qarşısının alınması baxımından, həm də ictimai sabitsizliyi önləmək üçün vacibdir. Bu səbəbdən hökumətə mesajım budur ki, parlament seçkilərini mümkün olan qədər tam sərbəst keçirsin”, o qeyd edib.

Aydın Hüseynov (Mənbə: Milli Məclis)
Aydın Hüseynov (Mənbə: Milli Məclis)

Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Aydın Hüseynov Amerikanın Səsinə bildirib ki, qiymət artımı ilk növbədə insanın sağlamlığına xidmət edir.

Aydın Hüseynov: Qiymət artımınin sosial təbəqəyə təsiri cüzidir
please wait

No media source currently available

0:00 0:01:28 0:00

“Biz sağlamlığımızı qorumaqdan ötrü nə qədər xərc çəkirik? Ətraf mühitdə ekoloji problemlər varsa, havaya zəhərli qazlar atılırsa, bu bizim orqanizmimizə nə qədər təsir edir? Biz gedib bunun müalicəsinə nə qədər vəsait xərcləməliyik? Qiymət artımı ilk növbədə dizel yanacağı və 92 markalı yanacağın qiyməti ilə bağlıdır”, o qeyd edib.

Sərnişin daşınması, bərk tullantılarla bağlı qiymətlərin artımı ilə bağlı deputat hesab edir ki, bunlar da qiymət artımı ilə bağlıdır.

“İnsanlar indi daha keyfiyyətli xidmət istəyir. Daha yaxşı, komfort nəqliyyat vasitələri ilə gedib-gəlmək istəyir. Bunun da yolu mütəmadi olaraq qiymətlərin tənzimlənməsi ilə həll olunur”, o qeyd edib.

Qiymət artyımının əhalinin gəlirləri ilə ekvivalent təşkil edib-etməməsinə gəldikdə Hüseynov hesab edir ki, istehlak səbətində bütün bunlar nəzərə alınır.

“Qiymət artımı sosial təbəqəyə təsiri baxımından cüzi bir artımıdır”, o bildirib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG