Accessibility links

ABŞ-ın Avropadakı bazaları mümkün terror hücumlarına hazırlaşır


Kəşfiyyat obyektləri və ya şəxsi heyəti hədəf alan mümkün terror hücumları barədə son xəbərdarlıqdan sonra ABŞ-ın Avropadakı hərbi bazaları və şəxsi heyəti gücləndirilmiş hazırlıq vəziyyətindədir.

Bazar ertəsi ABŞ müdafiə rəsmisi Amerikanın Səsinə təsdiqləyib ki, ABŞ-ın Avropa Komandanlığı (EUCOM) daxilindəki hərbi qurğular “Çarli” mühafizə statusuna yüksəldilib ki, bu da bir növ hücum ehtimalı deməkdir.

Rəsmi dəyişikliyə səbəb olan kəşfiyyat məlumatlarının məzmunu barədə ətraflı məlumat verməyib, baxmayaraq ki, bir çox ölkənin terrorla mübarizə rəsmiləri Parisdə qarşıdan gələn Yay Olimpiya Oyunları ilə bağlı artan təhlükə barədə xəbərdarlıq edib.

EUCOM-dan bazar ertəsi verilən açıqlamada artan təhlükəsizlik tədbirləri amillərin birləşməsinin nəticəsi olduğu bildirilib.

“Bizim sayıqlığımızı artırmağımız tək bir təhlükə ilə bağlı deyil, bu, Avrokubok və Olimpiada da daxil olmaqla, davam edən və qarşıdan gələn böyük ictimai forumlar, eləcə də potensial hücum təhlükəsinin artması kimi amillərin birləşməsindən qaynaqlanır”, bəyanatda deyilir.

EUCOM "Avropadakı personala şübhəli fəaliyyət barədə məlumat vermək, Dövlət Departamentinin səyahət tövsiyələrini izləmək və şəxsi risklərin azaldılması üçün ehtiyatlı tədbirlər həyata keçirmək də daxil olmaqla, hər zaman sayıq qalmağı tövsiyə edir" - deyə, bildirib.

Recorded Future kibertəhlükəsizlik firması tərəfindən keçən ay yayımlanan hesabatda xəbərdarlıq edilib ki, kiberhücum riskinin yüksək olmasına baxmayaraq, Paris Olimpiadası üçün ən böyük təhlükə terror hücumları ehtimalıdır.

Fransa hakimiyyəti artıq ən azı iki ayrı terror planının qarşısını alıb. Onlardan birində 18 yaşlı şübhəli olimpiya məkanı kimi xidmət edən stadionlardan birinə İslam Dövləti adından hücum təşkil etməkdə ittiham olunub.

ABŞ-ın terrorla mübarizə üzrə yüksək səviyyəli rəsmiləri də etiraf ediblər ki, İD və ya İŞİD kimi tanınan İslam Dövləti terror qruplaşması da son aylar güclənməkdədir. Narahatlığın böyük hissəsi qrupun İŞİD-Xorasan kimi tanınan Əfqanıstan qolu üzərində cəmlənib.

Ağ Evin daxili təhlükəsizlik üzrə müşavirinin müavini Cen Daskal keçən həftə Nebraska ştatının Omaha şəhərində keçirilən antiterror konfransında deyib: "Həm İŞİD, həm də İŞİD-Xorasan xarici əməliyyatlar aparmaq qabiliyyətini və niyyətini nümayiş etdirib".

Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kristin Abizaid də ötən may ayında İD-Xorasanla bağlı xəbərdarlıq edib. O, Dohada keçirilən təhlükəsizlik konfransında deyib: “Qlobal İŞİD müəssisəsinin ərazi möhkəmliyi olmasa belə, onların hücumlar həyata keçirəcək tərəfdarlar şəbəkəsi ilə virtual əlaqə saxlamaq qabiliyyəti olduqca narahatedicidir”.

ABŞ-ın antiterror rəsmiləri həmçinin İD-Xorasanın transmilli cinayət və insan qaçaqmalçılığı şəbəkələrindən istifadə etməkdə daha bacarıqlı olmasından, öz əməliyyatçılarını Birləşmiş Ştatlara göndərmək üçün potensial sui-qəsdləri nəzərdən keçirməsindən narahatlıqlarını dilə gətirib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG