Accessibility links

Xarici jurnalistlər "COP29" ərəfəsində Azərbaycanda keçirilən konfransa buraxılmayıblar


Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil & Gas" və 12-ci "Caspian Power" sərgiləri
Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil & Gas" və 12-ci "Caspian Power" sərgiləri

Jurnalistlər "COP29" ərəfəsində Azərbaycanda keçirilən enerji konfransına buraxılmadıqlarını deyirlər.

"The Guardian" yaydığı məqalədə deyilir ki, 2024-cü ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi "COP29" tədbiri ərəfəsində dövlət mediaya təzyiqləri artırıb.

Problemlə bağlı Britaniya və Fransadan "The Guardian"a danışan jurnalistlər bildirib ki, onlar tədbirdən bir neçə həftə əvvəl qeydiyyatdan keçsələr də, Bakı Enerji Həftəsi forumuna buraxılmadıqlarına görə özlərini təhlükədə hiss ediblər. Jurnalistlər Azərbaycan hökumətinin onları tədbirə buraxmamaqla bağlı əsaslı səbəb göstərmədiyini deyirlər.

Onların sözlərinə görə, jurnalistlər oranı təşkilatçılarla "qorxuducu" və "təhdidedici" üzləşmələrdən sonra tərk ediblər.

Konfrans "Human Rights Watch" təşkilatının Azərbaycanda son bir ildə azı 25 jurnalist və fəalın həbs olunduğunu açıqlayandan bir qədər sonra keçirilib.

"Montel News" enerji xəbər agentliyinin baş araşdırmaçı jurnalistləri Laurence Walker və Christopher Eales "The Guardian"a bildiriblər ki, mayın ortalarında tədbir təşkilatçıları qeydiyyatdan keçdiklərini təsdiqləsələr də, Bakı Enerji Həftəsi konfransından və sərginin keçiriləcəyi məkandan uzaqlaşdırılıblar.

Azərbaycan hökuməti haqqında tənqidi yazılar yazan və adının açıqlanmasını istəməyən, Böyük Britaniyada yaşayan jurnalistin də tədbirə həftələr qalmış akkreditasiya almasına baxmayaraq, tədbirlərə girişi qadağan edilib.

"Mətbuat azadlığının olmadığı, yerli jurnalistlərin həbs olunduğu ölkədə nəyisə aydınlaşdırmağa gərək yoxdur", deyə Easles bildirib.

"Caspian Event Organisers" şirkətinin nümayəndəsi baş verənləri "anlaşılmazlıq" adlandırıb. O bildirib ki, jurnalistlər foruma yox, sərgiyə akkreditasiya olunmaq üçün qeydiyyatdan keçiblər.

"The Guardian" məqalədə bildirir ki, jurnalistlərin elektron yazışmasında Bakının müxtəlif yerlərində keçirilən tədbirlərə qeydiyyat üçün müraciət olunub.

Şirkət nümayəndəsi əlavə edib ki, jurnalistlər sonradan sərgidən də çıxarılıblar, çünki konfrans təşkilatçıları məsul şəxslərə "jurnalistləri gözdən qoymamağı, onların sərgiyə düşmələrinin qarşısını almağı" tapşırıblar.

Nümayəndənin sözlərinə görə, tədbirin keçirildiyi məkanda "əbəs yerə həmin 3 inadkar xarici jurnalistə enerjisini xərcləmək onu incidib".

Eyni zamanda, şirkət nümayəndəsi etiraf edib ki, həmin jurnalistlərə qarşı münasibətdə peşəkar olmayıblar, o bunun tədbirin "çox gərgin" dövrünə təsadüf etdiyi üçün baş verdiyini bildirib.

"The Guardian" məqalədə bildirir ki, "COP29"a Kütləvi İnformasiya Vasitələrinin qeydiyyatı BMT-nin iqlim dəyişikliyi katibliyinin səlahiyyətində olacaq, jurnalistlər onlayn qeydiyyatdan keçə biləcəklər.

Jurnalistlərin iddiaları ilə bağlı "COP29"təşkilatçıları hər hansı şərh bildirməyiblər.

Bakı Enerji Həftəsini Azərbaycan Prezidenti İlham Əliyev açıb. Foruma aparıcı neft şirkətləri qatılıb və sponsorluq ediblər.

"The Guardian" məsələ ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərdiyini qeyd edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG