Accessibility links

Starmer seçkidə qələbə əldə etdikdən sonra Britaniyanı "yenidən qurmağa" başlayır


Leyboristlər partiyasının lideri Keir Starmer. London, Birləşmiş Krallıq. 5 iyul, 2024.
Leyboristlər partiyasının lideri Keir Starmer. London, Birləşmiş Krallıq. 5 iyul, 2024.

Britaniyanın yeni seçilən baş naziri Keir Starmer şənbə günü vəzifədəki ilk tam gününə Kabinetinin iclasını keçirərək başlayıb. Onun Leyboristlər partiyası səsvermədə böyük fərqlə qalib gələrək Mühafizəkarların 14 illik hakimiyyətinə son qoyub.

Starmer ilk kabinet iclasını yerli vaxtla səhər saat 11-də keçirib. Britaniyanın ilk qadın maliyyə naziri Reyçel Rivs və yeni xarici işlər naziri Deyvid Lammi də iclasda iştirak edib.

Leyboristlərin lideri mərkəz-solçu partiyasının Birləşmiş Krallıq parlametində 174 yer ilə çoxluğu ələ keçirməsindən sonra cümə günü Dauninq küçəsindəki ofisdəki ilk saatlarını yeni komandasını təyin etməklə keçirib.

“Dəyişiklik işi dərhal başlayır,” Starmer cümə günü Kral III Çarlz tərəfindən baş nazir kimi təsdiq ediləndən və sevincli Leyborist fəalların əllərində bayraqlarla onu Dauninq küçəsində qarşılamasından qısa müddət sonra deyib.

“Amma şübhəniz olmasın, biz Britaniyanı yenidən quracağıq,” o əlavə edib.

İlk nitqində hökumətinin beş əsas “missiyasını” təkrarlayan 61 yaşlı siyasətçi dövlətin Milli Səhiyyə Xidmətini “yenidən ayağa qaldırmağa,” “sərhədlərin təhlükəsizliyini” və küçələrdə təhlükəsizliyi təmin etməyə söz verib.

Ancaq onun hökumətini durğun iqtisadiyyat, zəif ictimai xidmətlər və illərdir yüksək yaşayış xərclərindən əziyyət çəkən ailələr kimi çətin sınaqlar gözləyir.

“Ölkəni dəyişmək düyməyə basmağa bənzəmir. Hazırda dünya daha dəyişkən bir yerdir. Bu, bir az vaxt aparacaq,” Starmer bildirib.

“Tarixi” nəticə

Dünya liderləri yeni Britaniya liderini təbrik edib.

Rəsmi Londonun məlumatına görə, Starmer ABŞ Prezidenti Co Baydenlə telefonda danışıb və onlar “Birləşmiş Krallıqla Birləşmiş Ştatlar arasında xüsusi münasibətlərə sadiqliklərini və daha böyük iqtisadi artım üçün üst-üstə düşən ambisiyalarını” müzakirə ediblər.

O həmçinin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.

Ancaq ABŞ-ın sabiq və potensial olaraq gələcək prezidenti Donald Tramp Starmerə məhəl qoymayaraq, müttəfiqi Nigel Farajın ultra-sağçı Birləşmiş Krallığının İslah Partiyasının seçkidə əldə etdiyi nəticəni alqışlayıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG