Accessibility links

İstanbul Universitetinin doktorantı həbsinə etiraz olaraq 25 gündür aclıq edir


Fazil Qasımov (Sosial şəbəkə)
Fazil Qasımov (Sosial şəbəkə)

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 25 gündür aclığı davam etdirir. O, iyunun 14-də həbsinə etiraz olaraq aclığa başladığını bəyan edib.

Bu barədə onunla telefon danışığından sonra qardaşı Nazim Qasımov Amerikanın Səsinə deyib.

“Aclığı dayandırması üçün yalvarışlarımıza baxmayaraq, Fazil aclığı sonadək davam etdirəcəyini bildirdi. Səsi eşidilməz dərəcədə zəif idi. Dedi təzyiqi kəskin düşüb, gözləri qaralır, başı gicəllənir. Fazil dərman qəbulundan tam imtina edib. Yalnız su qəbul edir. O hələ də ümimi kamerada saxlanılır. Özü çağıranda həkim gəlib təzyiqini ölçür”, o qeyd edib.

Məhkəmələr vəkillərin Qasımov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətlərini təmin etməyib.

Qasımovun vəkilləri onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı Ombudsmana, Penitensiar Xidmətə və Ədliyyyə Nazirliyinə müraciət edib.

Bu arada vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, iyulun 5-də Fazil Qasımovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşüb.

“Təcridxananın rəisi bildirdi ki, Qasımov həkim nəzarətindədir. Bu günlərdə onun Müalicə Müəssisəsinə köçürülməsi məsələsi həllini tapacaq”, o qeyd edib.

Öz növbəsində, Ombudsman Aparatı, Penitensiar Xidmət və Ədliyyyə Nazirliyi Amerikanın Səsinin Fazil Qasımovun sağlamlıq durumu ilə bağlı sorğusuna hələ cavab verməyib.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan iqtisadçı alim Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Qasımov həmçinin həbsinə etiraz olaraq iyunun 25-də ictimaiyyətə müraciət edib.

“Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına etiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Universitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”, o qeyd edib.

O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG