Accessibility links

NATO rəhbəri: Ukrayna müharibəsini bitirməyin ən sürətli yolu məğlubiyyətdir; amma bu, sülh gətirməyəcək


NATO 75 illik yubileyini qeyd etmək üçün çərşənbə axşamı Vaşinqtonda üçgünlük sammit keçirməyə hazırlaşarkən, alyans Rusiya ilə davam edən müharibədə Ukraynaya dəstəyini gücləndirir.

Bazar günü bir neçə jurnalistlə keçirdiyi mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, NATO-nun bütün üzvləri sülh istəyir və Rusiya prezidenti Vladimir Putin döyüş meydanında qalib gələ bilməyəcəyini başa düşsə, buna nail olmaq olar.

"Bu müharibəni bitirməyin ən sürətli yolu məğlubiyyətdir...Ancaq bu, sülh gətirməyəcək. Bu, işğala səbəb olacaq”, Stoltenberq deyib.

O, Almaniyada xüsusi komandanlığın yaradılması, gücləndirilmiş maliyyə və hərbi yardım, habelə ikitərəfli təhlükəsizlik sazişləri də daxil olmaqla, NATO-nun görəcəyi əsas tədbirləri açıqlayıb. Stoltenberq Ukraynanın NATO-ya potensial üzvlüyü və alyansın Rusiya təcavüzünə qarşı vahid cəbhəsi ilə bağlı mürəkkəb məsələləri həll edərkən bu təşəbbüsləri vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı sammitin yekun razılaşmasının dəqiq mətni hələ də müzakirə olunur.

Aprel ayında Stoltenberq bildirib ki, alyansın sammit zamanı Ukraynaya NATO üzvlüyünü təklif edəcəyi gözlənilmir, əksinə, sammit üzvlük üçün “körpü” olacaq.

Zirvə görüşündə həmin “körpü” beş əsas komponenti əhatə edəcək:

Təhlükəsizliyə yardım komandanlığı: NATO Ukraynaya beynəlxalq təhlükəsizlik yardımını koordinasiya etmək üçün Almaniyada Şərqi Avropada logistika mərkəzləri olan yeni komandanlıq yaradır.

Stoltenberqin sözlərinə görə, buraya üçulduzlu NATO generalının rəhbərlik etdiyi 700 nəfərdən ibarət şəxsi heyət cəlb ediləcək. Stoltenberq deyib ki, müttəfiqlər arasında “Ukraynaya çatdırılmalı olan yanaşma və ya silah növləri” mövzusunda fikir ayrılıqları var. Bu fərqlər bürokratik gecikmələr yaradır və məqsəd çatdırılmanı daha sürətləndirmək və asanlaşdırmaqdır.

"Bu yeni komandanlıq çox güclü mandata sahib olacaq, buna görə də hər bir çatdırılma ilə bağlı konsensusa ehtiyac olmayacaq" - deyə, o bildirib.

Maliyyə vədi: 2022-ci ilin fevralından bəri NATO müttəfiqləri Ukraynaya hər il təxminən 43 milyard dollar hərbi dəstək verib. Qarşıdan gələn sammitin gələcək dəstəyin əsasını qoyaraq, bu öhdəliyi daha bir il uzadacağı gözlənilir.

Dərhal silah tədarükü: Ukraynanın müdafiəsini gücləndirmək üçün sammitdə daha çox silah və sursat, xüsusən də hava hücumundan müdafiə sistemlərinin çatdırılması ilə bağlı elanlar gözlənilir.

Baş katib konkret məlumat verməsə də, yüksək səviyyəli ABŞ rəsmisi qeyd edib ki, bu həftə NATO müttəfiqlərindən Ukraynaya F-16 təyyarələrinin verilməsi ilə bağlı açıqlamalar gözlənilə bilər.

İkitərəfli təhlükəsizlik sazişləri: NATO-nun iyirmi müttəfiqi sammitdə Ukrayna ilə əlavə təhlükəsizlik zəmanətləri təqdim edərək və birgə müdafiə səylərini gücləndirməklə ikitərəfli təhlükəsizlik sazişləri imzalayacaq.

Qarşılıqlı fəaliyyət: Ukrayna silahlı qüvvələrinin NATO standartlarına, o cümlədən Polşada birgə təlim mərkəzinə və hərbi satınalmalar və satınalma proqramlarına uyğunlaşdırılması üçün səylər davam etdirilir.

Stoltenberq Macarıstanın Rusiyanın Ukraynadakı müharibəsinə münasibəti və NATO-nun qərarlarını əngəlləmək potensialı ilə bağlı narahatlıqlarına toxunub.

O, Budapeştə bu yaxınlarda səfər etdiyini və burada baş nazir Viktor Orbanla Macarıstanın Ukraynaya təklif olunan dəstək tədbirlərinə mane olmayacağına dair razılaşma əldə etdiyini xatırladıb.

Stoltenberq bildirib ki, Budapeşt NATO-nun Ukraynaya yeni təhlükəsizlik yardım komandanlığında iştirak etməyəcək, lakin NATO-nun digər öhdəliklərini yerinə yetirəcək və ümumi büdcəyə töhfə verəcək.

Stoltenberq əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar gələcək seçkilərin nəticələrindən asılı olmayaraq, NATO-nun sadiq müttəfiqi olmaqda davam edəcək

O, NATO-nu bəzən mübahisə və fikir ayrılığı olan böyük bir ailə ilə müqayisə edərək vurğulayıb ki, istənilən Baş katib alyans daxilində bütün liderlərlə işləməyi bacarmalıdır.

Stoltenberq prezidentlər Barak Obama, Tramp və Co Baydenlə iş təcrübəsindəb danışıb və qeyd edib ki, fərqli siyasi liderliyə baxmayaraq, ABŞ NATO-nun sabit müttəfiqi olaraq qalır.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG