Accessibility links

Milli fəal Əmir Bədri məhkəməyə çağırılıb


Keçmiş tələbə fəalı Əmir Bədri
Keçmiş tələbə fəalı Əmir Bədri

Təbriz şəhərində yaşayan milli fəal Əmir Bədri bu şəhərin İnqilab Məhkəməsinin 15 saylı şöbəsi tərəfindən çağırılıb.

Əmir Bədri öz İnstagram səhifəsində məhkəməyə çağırış vərəqəsinin surətini paylaşıb. Həmin çağırış vərəqəsində o, “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə üzləşib. Əmir Bədri 5 gün ərzində məhkəməyə gedərək, öz müdafiəsini təqdim etməlidir.

Bundan əvvəl, keçən il noyabrın sonunda təhlükəsizlik qüvvələri onun atasının evinə daxil olub reyd keçirmişdilər. Kəşfiyyat agentləri ona aid olan elektron cihazlarını, o cümlədən mobil telefonunu müsadirə etmişdilər.

Amerikanın Səsinin məlumatına görə, o vaxtdan bəri o, təhlükəsizlik qüvvələri tərəfindən azı iki dəfə çağırılıb və saatlarla dindirilib.

Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamın onun sosial mediada fəaliyyəti, siyasi və ictimai məzmunlu paylaşımları ilə bağlı olduğu güman edilir.

Əmir Bədri Təbriz Universitetində metallurgiya ixtisası üzrə təhsil almış, tələbəlik dövründə fəal tələbə kimi fəaliyyət göstərmiş və Azərbaycanşünaslıq Ocağının katibi olmuşdur.

İranda siyasi və ictimai fəallar, xüsusilə sosial mediada hakimiyyəti tənqid edən məzmunlar dərc etdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən təqiblərə məruz qalırlar. Əsasən ölkədə hakimiyyəti tənqid etmək, şəxslərə “sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə iddia qaldırılmasına və onların həbsinə səbəb olur.

Forum

XS
SM
MD
LG