Accessibility links

Modi Putinə: Günahsız uşaqların ölümü ağrılı və dəhşətlidir


Hindistanın Baş naziri Narendra Modi çərşənbə axşamı Rusiya lideri Vladimir Putinə Kyivdə uşaq xəstəxanasına ölümcül hücumdan bir gün sonra günahsız uşaqların ölümünün ağrılı və dəhşətli olduğunu deyib.

Modi iki ölkə arasında strateji əlaqələri gücləndirmək üçün Moskvadadır.

Ukrayna uşaq xəstəxanasında Rusiyanın Kh-101 qanadlı raketinin fraqmentlərini aşkar etdiyini bildirib. Bazar ertəsi Rusiyanın ölkə boyu ən azı 41 nəfərin ölümünə səbəb olduğu zərbələr dalğası zamanı bina yarı dağılıb.

“Müharibə, münaqişə və ya terror hücumu olsun, bəşəriyyətə inanan hər kəs insanlar öləndə ağrı hiss edir. Ancaq günahsız uşaqlar öldürüləndə ürək qanayır və bu ağrı çox dəhşətlidir” - deyə, Modi bildirib.

Modi ilk dəfə deyil ki, Rusiyanı Ukraynadakı hərəkətlərinə görə tənqid edir. 2022-ci ilin sentyabrında o, Putinə deyib ki, “bugünkü dövr müharibə dövrü deyil”.

Hindistan Rusiyanın işğalını qınamayıb və sanksiyalar Moskvanın Qərblə ticarətini kəsdiyi üçün rekord miqdarda Rusiya neftini endirimlə almaq fürsətindən istifadə edir.

Putin Modiyə müharibənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Modi cavab verib ki, “sülh gələcək nəsillərimiz üçün lazımdır. Döyüş meydanında qərar qəbul etmək mümkün deyil. Silahlar, güllələr və bombalar arasında sülh danışıqları uğur qazana bilməz. Biz sülhə gedən yolu ancaq danışıqlar yolu ilə tapmalıyıq”.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Modinin səfəri “böyük məyusluq və sülh səylərinə sarsıdıcı zərbədir – belə bir gündə dünyanın ən böyük demokratiyasının liderinin Moskvada dünyanın ən ölümcül cinayətkarını qucaqladığını görmək”.

Bazar ertəsi Dövlət Departamenti Hindistanın Rusiya ilə münasibətləri ilə bağlı narahatlığını ifadə edib. Prezident Co Bayden Ukraynaya qarşı son zərbələri “Rusiyanın qəddarlığının nümunəsi” adlandırıb.

Hindistan və Rusiya liderləri 2000-ci ildən bəri illik sammitlər keçirsələr də, Putinin 2021-ci ildə Yeni Dehliyə səfərindən sonra heç bir görüş olmayıb.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaişankar sammitin iki ölkənin "birlikdə işləməsinin güclü tarixini" vurğuladığını deyib.

Forum

XS
SM
MD
LG