Accessibility links

Rusiyanın Ukraynadakı mülki hədəflərə zərbələri dünyanın hiddətinə səbəb olub


Çərşənbə axşamı Rusiyanın Ukrayna şəhərlərinə, o cümlədən Kyivdəki Oxmatdıt uşaq xəstəxanasına endirdiyi raket zərbələri ilə əlaqədar Ukrayna müttəfiqlərinin xahişi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.

“Xəstəxanaya qəsdən hücum müharibə cinayətidir və günahkarlar məsuliyyətə cəlb edilməlidir... Bu hadisələr Ukraynada səhiyyə və digər mülki infrastruktura zərər vuran sistemli hücumların dərin narahatedici modelinin bir hissəsidir” - deyə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya bildirib.

Prezident Volodimir Zelenski deyib ki, bazar ertəsi bir neçə şəhər və qəsəbəyə atılan 40-a yaxın raket dalğası Ukraynada dördü uşaq olmaqla, 38 nəfərin ölümünə, 190 nəfərin yaralanmasına səbəb olub.

Zelenski müttəfiqlərini də Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyə çağırıb. O, Vaşinqtonda keçiriləcək NATO sammitində məsələni yenidən gündəmə gətirəcək.

ABŞ qanunvericiləri də Rusiyanın Ukraynada azı 41 nəfərin ölümünə səbəb olan uşaq xəstəxanasına hücumu pisləyib.

"Bu, soyqırımdır", Respublikaçı Nümayəndə Mayk Louler "Amerikanın səsi"nin Ukrayna xidmətinə müsahibəsində deyib.

“Şübhə yoxdur ki, Vladimir Putin hərbi cinayətlər törətməkdə davam edir və onun xəstəxananı bombalayaraq etdiyi əməllər ağlasığmaz və bağışlanmazdır və mən hesab edirəm ki, ABŞ və NATO müttəfiqlərimiz cavabda çox qətiyyətli olmalı və dəstəyi davam etdirməlidir. Ukrayna özünü müdafiə etməlidir. Hesab edirəm ki, bu anda NATO və ABŞ çox aydın mesaj verməlidir ki, buna dözmək olmaz və biz birik”.

Respublikaçı konqresmen Endi Barr Rusiyaya, xüsusən də onun enerji sektoruna qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.

“NATO zirvə toplantısı keçirir, çünki onlar Putinin döyüş maşınının, yəni Rusiyanın enerji ixracı üçün maliyyə mənbəyini necə kəsmək barədə danışmalıdırlar” deyib.

"O, gücünü göstərmək üçün xəstəxananı vurmağın və uşaqları öldürməyin bir yol olduğuna inanır" - deyə, Demokrat konqresmen Rosa DeLauro.

Demokrat nümayəndə Ceyson Krou deyib ki, o, “Vladimir Putin və onun cinayətkar hərbi generalları mülki infrastrukturu və Ukrayna xalqını hədəf almaqda davam edir”.

Hindistanın Baş naziri Narendra Modi çərşənbə axşamı Rusiya lideri Vladimir Putinə Kyivdə uşaq xəstəxanasına ölümcül hücumdan bir gün sonra günahsız uşaqların ölümünün ağrılı və dəhşətli olduğunu deyib.

Roma Papası Fransisk son günlər Ukraynanın paytaxtında uşaq xəstəxanasına və Qəzzanın mərkəzində məcburi köçkün fələstinli ailələrin yerləşdiyi məktəbə raket hücumlarından kədərləndiyini bildirib.

Bu arada Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ı ikiüzlülükdə, “anti-Rusiya təbliğatını şişirtməkdə və xəstəxanaya düşən döyüş başlığının Ukrayna hava hücumundan müdafiə raketi olması faktını gizlətməkdə” ittiham edib.

“Lakin reallıq ondan ibarətdir ki, Vaşinqtonda NATO sammiti ərəfəsində xəstəxana ilə bağlı insident görünür, Kyivin Qərb himayədarları tərəfindən münaqişənin daha da genişlənməsinə və münaqişənin sonuncu ukraynalıya qədər davam etdirilməsinə haqq qazandırmaq üçün “əla hədiyyə” kimi qəbul edilib”, o, Telegram-kanalında yazıb.

Öz növbəsində, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun mülki hədəfləri vurmadığı ilə bağlı Kremlin köhnə dogmasını təkrarlayıb.

Forum

XS
SM
MD
LG