Accessibility links

AXCP üzvü 3 il müddətinə azadlıqdan məhrum edilib


Elnur Həsənov (Hasan) (Mənb: Ssial şəbəkə)
Elnur Həsənov (Hasan) (Mənb: Ssial şəbəkə)

Avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənova hökm oxunub.

Elnur Həsənov Cinayət Məcəlləsinin 234.1.-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə təqsirli bilinərək, 3 il azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı məhkəmədə iddia edib ki, fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik əldə etmə, daşıma – satış məqsədilə törədildikdə) maddəsilə irəli sürülmüş ittiham məhkəmədə sübuta yetirilib. O, bu maddə ilə onun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə çıxış edən vəkil Nemət Kərimli isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir cinayət törətmədiyi halda, 8 aydan çoxdur həbsdə saxlanılır. Vəkilin sözlərinə görə, Elnur Həsənov saxlanılarkən onun üzərindən narkotik tapılmasını təsdiqləyən heç bir sübut yoxdur. Müvəkkilinin siyasi baxışlarına görə cəzalandırıldığını vurğulayan vəkili xatırladıb ki, həbsindən əvvəl Elnur Həsənov "Facebook" hesabında yol polislərinin fəaliyyətini tənqid edib.

Vəkil deyib ki, Elnur Həsənovun işində əməliyyat-axtarış fəaliyyəti haqqında qanun da daxil olmaqla, bir çox hüquqi norma pozulub.

Nemət Kərimli Elnur Həsənovun işi üzrə dindirilmiş iki polisin ifadəsinin sözbəsöz eyni olmasını, hətta eyni hadisədən bəhs olunsa belə, iki ifadənin eyni olmasının mümkün olmadığını vurğulayıb. Çıxışının sonunda Nemət Kərimli fəala bəraət hökmü verilməsini istəyib.

Elnur Həsənov son sözündə bildirib ki, AXCP üzvü olduğuna görə cəzalandırılır. O da həbsindən əvvəl yol polislərinin fəaliyyəti barədə sosial mediada yazdığını, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun istefasını tələb etdiyini və bundan dərhal sonra həbs olunduğunu deyib.

O, saxlanılarkən və daha sonra polis bölməsində işgəncəyə məruz qaldığını, bu yolla onu etiraf ifadəsinə imza atmağa məcbur edildiyini bildirib:

"Orada da yazıblar ki, guya yerdən tapmışam. Narkotik bostanda bitir? Yerdə tökülüb ki, hamı elə yerdən tapır? Bu qədər yalan, saxtakarlıq olar?".

Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə hakimlər müşavirədən sonra elan edib ki, ittiham dəyişdirilib və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunub və ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Elnur Həsənova istintaq dövründə verilmiş ittihamda – Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində cəza 5 ildən 12 ilə qədər idisə, bu maddədə 3 ildən 8 ilədəkdir.

Fəal 2023-cü il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilib. O, hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.

Forum

XS
SM
MD
LG