Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları isə qısa müddətdə bu ölkəni tərk etməyə çağırıb.
“Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur. Eyni zamanda, hal-hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur", Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.
Xatırladaq ki, bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra aviaşirkətlər Yaxın Şərqə uçuşları dayandırıb.
Livan şənbə günü İsrailin işğalı altında olan Qolan təpələrində 12 uşaq və yeniyetmənin ölümünə səbəb olan hücumdan sonra İsraildən gözlənilən cavab tədbirləri görməyə hazırlaşır.
Livanın "Hizbullah" silahlı qruplaşması hücumda əli olduğunu inkar edir.
ABŞ-ın Livandakı səfirliyi 4-cü Səviyyə: Səyahət etməmə tövsiyəsi edib.
Qərb hökumətləri İsrail və İranın dəstəklədiyi Hizbullah yaraqlıları arasında gərginliyin artdığı bir vaxt öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Forum