Sabiq prezident Donald Tramp şənbə günü dörd il öncəki seçkilərdə məğlub olduğu Corciya ştatına qayıdıb. Bura həm Demokratlar və Respublikaçıların seçki kampaniyalarının ciddi diqqət ayırdığı ştatlardan biridir.
Trampın yerli vaxtla saat 17:00-da Ohayo senatoru J.D. Vans ilə birlikdə iştirak edəcəyi seçki tədbiri bir neçə gün öncə vitse-prezident Kamala Harrisinin seçiciləri ilə görüşdüyü Corciya Dövlət Universitetində basketbol arenasında keçiriləcək.
Şimalda Pensilvaniya, Miçiqan və Viskonsin, cənubda Corciya, cənub-qərbdə isə Arizona və Nevada ştatları seçkinin taleyini müəyyən edəcək ştatlar hesab edilir. Co Baydenin seçki yarışından çəkilməsindən öncə Demokratlar həmin an daha çox şansları olduğu şimal ştatlarına diqqət ayıracaqlarını siqnal etmişdilər. Baydenin yarışdan çəkilməsi və Harrisin namizəd olmasından sonra isə Demokratlar artıq Corciya da daxil olmaqla hər bir rəqabətli ştata diqqəti artırmağa başlayıb.
2020-ci ildə Corciyada Bayden Trampa 11,779 səs fərqi ilə qalib gəlmişdi. Tramp ştatdakı nəticələri dəyişmək üçün seçkiyə məsul olan ştat katibində “səslər tapmağı” tapşırmışdı. Tramp daha sonra Corciya məhkəməsi tərəfindən ittihamla üzləşdi. Hələlik iş üzrə proses dayandırılıb.
Şənbə günü keçiriləcək mitinqi elan edən Tramp kampaniyası Corciya əhalisinə baha başa gələn inflyasiya və yüksək yanacaq qiymətlərinə görə Harrisin məsuliyyət daşıdığını bildirib. Kampaniya həmçinin fevralın 22-də parkda qaçış zamanı qətlə yetirilən ştat sakini, tələbə Leyken Raylini də qeyd edib. Onun ölümündə Venesuela vətəndaşı təqsirli bilinib.
Forum