Ukrayna Hərbi Hava Qüvvələri Kursk vilayətində daha bir körpünün dağıdılması barədə məlumat və hücumun videosunu yayıb.
Qluşkovski rayonunun Zvannoye kəndi yaxınlığında Seym çayı üzərindəki bu körpü rus qoşunlarının təchizatı üçün strateji əhəmiyyət kəsb edirdi.
Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri dəqiq zərbələrlə “Rusiya ordusunu logistika imkanlarından məhrum etməkdə” davam edir. Rusiya komandanlığı bu məlumatı şərh etməyib.
Avqustun 16-da Ukrayna Silahlı Qüvvələri artıq Kursk vilayətində Seym üzərindən Rusiya hərbçilərinin təchiz olunduğu körpünü dağıdıb. Qluşkovski rayonunda ikinci körpünün zədələnməsindən sonra Seym üzərindən hərbi yüklərin daşınması üçün istifadə edilə bilən yalnız Karıj kəndi yaxınlığında bir keçid qalır. O, zədələnərsə, ərazi təchizatdan tamamilə məhrum olacaq.
Bundan əlavə, körpülərin istismarının dayandırılması Ukrayna Silahlı Qüvvələrinin hücum bölgələrindən mülki əhalinin təxliyəsini xeyli çətinləşdirəcək.
Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayəti ərazisinə daxil olub. Həmin gündən bölgədə döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələri onlarla yaşayış məntəqəsinə, o cümlədən rayon mərkəzi Sudjaya nəzarət etdiyini iddia edir.
Rusiya hakimiyyəti bu məlumatları ya təkzib edir, ya da şərh vermir.
Bununla belə, Kursk vilayətində federal fövqəladə vəziyyət elan edilib. Hazırda bölgədən 100 mindən çox insan təxliyə edilib. Evakuasiya Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd ərazilərində də aparılır.
Forum