Accessibility links

Rusiya Prezidentinin Azərbaycana səfərinin yekunlarına siyasi baxış


İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Rusiya və Azərbaycan altı sənəd - üç saziş və üç memorandum imzalayıb. Tərəflər həmçinin birgə bəyanat qəbul edib.

Rusiya Prezidentinin rəsmi internet saytının məlumatına görə, hökumətlərarası - qida təhlükəsizliyi, karantin və bitkilərin mühafizəsi, səhiyyə, tibb təhsili və elm sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Həmçinin əmək müfəttişliyi, iqlim dəyişikliyi məsələləri, o cümlədən Rusiyanın Birbaşa İnvestisiya Fondu ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında anlaşma memorandumları imzalanıb.

İlham Əliyev və Vladimir Putinin geniş tərkibdə görüşü (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Vladimir Putinin geniş tərkibdə görüşü (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Birgə bəyanatda deyilir ki, tam qarşılıqlı anlaşma və dərin etimada əsaslanan ənənəvi güclü Rusiya-Azərbaycan əməkdaşlığı şəraitində dövlət başçıları ikitərəfli münasibətlərin bütün spektri üzrə intensiv və məhsuldar danışıqlar aparıb, aktual regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıb, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edib.

“Rusiya və Azərbaycan beynəlxalq hüquqa əsaslanan, ikili standartlardan azad və ayırıcı xətlərin yaradılmasını istisna edən dünya nizamını təşviq etmək istəklərini təsdiq etdilər. Rusiya ədalətli Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün praktiki əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Tərəflər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sülhün, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın qorunmasında mühüm rolunu etiraf edib. Rusiya Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsinin tərəfdarıdır, həmçinin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) ilə əməkdaşlığın gücləndirilməsində maraqlıdır”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, tərəflər Cənubi Qafqazda təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsi məqsədilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də ən yüksək səviyyədə əldə edilmiş sonrakı razılaşmaların əhəmiyyətini vurğulayıb.

“Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardımını davam etməyə hazır olduğunu təsdiqləyib”, sənəddə qeyd edilir.

Azərbaycan və Rusiya həmçinin Xəzər dənizində qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir. Tərəflər ticarət-iqtisadi, sənaye və kənd təsərrüfatı əməkdaşlığının daha da gücləndirilməsinin, turizm və tranzit axınlarının, o cümlədən hava kommunikasiyalarının, habelə dəmir yolu və multimodal yükdaşımaların və Şimal-Cənub tranzit dəhlizinin infrastrukturun inkişafı hesabına genişləndirilməsinin vacibliyini vurğulayıb.

Vladimir Putin (Mənbə: Azərbaucan Prezidentinin Administrasiyası)
Vladimir Putin (Mənbə: Azərbaucan Prezidentinin Administrasiyası)

Vladimir Putin bildirib ki, Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır.

“Mən bugünkü görüşümüzün əvvəlində bunu dedim: ticarət dövriyyəsi dörd milyard dollardan bir qədər çoxdur və o, bu ilin birinci yarısında 17 faiz artıb. Azərbaycan iqtisadiyyatına dörd milyard (dollardan) artıq birbaşa investisiya qoyulub. Və təbii ki, Azərbaycan bazarında fəaliyyət göstərən 1300-ə yaxın müəssisə (Rusiyanın iştirakı ilə) bizim vəziyyətimizin müsbət istiqamətdə inkişaf etdiyini və yaxşı inkişaf perspektivlərinin olduğunu deyir”, o qeyd edib.

İlham Əliyev (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik “bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

“Məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələləri geniş müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”, o qeyd edib.

Prezidentlər Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü də müzakirə edib.

İsa Qəmbər
İsa Qəmbər

Müxalifətdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Rusiya preidentinin səfərinin yekunları, bu səfərin Azərbaycanın Avropa İttifaqı, ABŞ-la münasibətlərinə təsirləri barədə Amerikanın Səsinin sualının cavabında bildirib ki, Rusiya prezidentinin səfərinin rəsmi nəticələrinin mətbuata açıqlanan hissəsi pərdəarxası hissəsinə nisbətən “çox önəmsizdir”.

“Söhbət ondadır ki, beynəlxalq hüquqa zidd olaraq, regionda və dünya miqyasında gərginlik, qarşıdurma yaradan, faktiki olaraq beynəlxalq düzəni sıradan çıxaran, Ukraynaya qarşı işğalçı müharibə başlayan, bu ölkənin ərazisini işğal edən bir dövlətin başçısı ilə Azərbaycanın bu qədər yaxınlaşması ölkəmizə, dövlətimizə yaxşı heç nə vəd etmir. Bu, Azərbaycanın köklü maraqlarına ziddir. Eyni zamanda dünya birliyi üçün də dünyanın yenidən qurulduğu dönəmdə kimin hansı tərəfdə olduğu, hansı dövlətin hansı tərəfdə olduğu önəmli bir mövzudur. Bütün bu məsələlərdə Azərbaycan hakimiyyəti dövlətimizin köklü maraqlarını nəzəra alaraq hərəkət etməlidir”, o qeyd edib.

İsa Qəmbər bildirib ki, mövcud hakumiyyət son illərə qədər balanslı siyasət yeritməyə çalışıb.

“Hesab edirəm ki, son dövrlərdə bu balans pozulur. Azərbaycan işğalçı Rusiyanın yanında görünməyə başlayıb. Bu da Azərbaycanın maraqlarına uyğun deyil”, o qeyd edib.

Putinin səfəri Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisində misli görünməmiş hərbi əməliyyatlar apardığı vaxta təsadüf edir.

Rəsmi Bakının Moskva ilə tərəfdaşlıq münasibətləri var. Eyni zamanda Azərbaycan Qərb ölkələri üçün əsas enerji təchizatçılarından biridir.

Putinin Azərbaycana son səfəri 2018-ci ilin sentyabrında baş tutub.

2023-cü ilin martından bəri Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi mövcuddur. Orderə səbəb ukraynalı uşaqların Rusiya ərazilərinə məcburi deportasiyasıdır ki, Kreml bu ittihamı rədd edir.

Həbs təhlükəsi Putinin xaricə səfərlərini məhdudlaşdırsa da, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsini bərqərar edən Roma Əsasnaməsi müqaviləsini imzalamayıb.

Forum

XS
SM
MD
LG