Accessibility links

Əli Kərimlinin böhtanla yanaşı, təhqirə görə də cəzalandırılması tələb olunur


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli

Avqustun 19-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Şikayət AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev tərəfindən verilib.

Aydın Əliyev və onun vəkili Elvin Əliyev məhkəmədə bildiriblər ki, avqustun 19-da müqavilə bağladıqlarına görə etibarnamə verməyə vaxt olmayıb. Etibarnamə olmadığına görə Elvin Əliyev məhkəmə prosesinə iştirakçı kimi buraxılmayıb. Lakin o, vəkillər üçün ayrılmış masanın arxasında əyləşib, Aydın Əliyevin hüquqları, şikayətilə bağlı çıxış edib.

Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyev proses iştirakçısı olmadığı halda, Elvin Əliyevin çıxışına imkan verilməsinə etiraz edib.

Aydın Əliyev məhkəməyə sənəd təqdim edərək bildirib ki, şikayətinə yeni əlavəsi var. O, avqustun 13-də keçirilən məhkəmə iclasında da şikayətə əlavə təqdim etmişdi.

Hakim Babək Pənahov şikayətə əlavəni elan edərək bildirib ki, Aydın Əliyev məhkəməyə təqdim etdiyi ilkin iddiada Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə cəzalandırılmasını tələb edirdi. Bu şikayətdə isə həm də Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsini əlavə edib.

AXCP sədrinin vəkili əlavənin qəbuluna etiraz edərək bildirib ki, cinayət-prosessual qanunvericilikdə xüsusi ittiham qaydasında qaldırılmış şikayətə əlavə verilməsi nəzərdə tutulmayıb. Lakin ötən iclasda da Aydın Əliyev şikayətə əlavə vermişdi və qəbul edildi:

"Qətiyyən qəbul edilməməlidir. Çünki qanunda nəzərdə tutulmayan bir sənəd məhkəməyə təqdim olunur və məhkəmə də ona baxırsa, bu, məhkəmə praktikası üçün ləkədir".

Vəkil Fəxrəddin Mehdiyev xüsusi ittiham qaydasında qaldırılan şikayətlərin icraata qəbulu ilə bağlı Ali Məhkəmənin Plenumunun qərarını da məhkəmənin diqqətinə çatdırıb.

Aydın Əliyevin vəkili Elvin Əliyev çıxş edərək, buna etirazını bildirib. Ona çıxış imkanının yaradılması isə Əli Kərimlinin etirazına səbəb olub:

"Bu adam hansı statusla burada çıxış edir? Proses iştirakçısı olmadığı halda, hamımızdan da çox danışır. Bu adam çıxış edirsə, o zaman məhkəmə zalında oturanların hər biri çıxış edə bilər".

Aydın Əliyev və vəkili hakimdən vaxt istəyiblər. Onlar bildirib ki, müdafiə hüququnun müdafiəsi baxımından onlara vaxt verilməlidir.

Əli Kərimlinin vəkili isə etiraz edərək bildirib ki, müdafiə hüququ konstitusion hüquqdur, amma hüquqlardan sui-istifadə də qadağandır:

"İddia ərizəsinin məhkəməyə verilməsindən nə qədər vaxt keçib. Bir həftə əvvəl də hazırlıq iclası olmuşdu. Niyə bu günə saxlayıb müqavilə bağlamağı? Hazırlıq iclası niyə uzadılmalıdır?".

AXCP sədri də etiraz edərək deyib ki, onunla bağlı məhkəmə işi siyasi prosesdir. Bu səbəbdən də məhkəmədə qanunların pozulmasına göz yumulur:

"Hansı qanuna, hansı maddəyə əsasən şikayətə əlavələr verilir və qəbul olunur? Hakim olaraq qərar elan elədiniz ki, bu şəxs prosesə buraxılmır. Amma bayaqdan çıxış edir. Şikayətin mahiyyətinə gəlincə, qanun deyir ki, yalan olduğunu bilə-bilə yayılan, şərəf və ləyaqəti aşağılayan məlumata görə məsuliyyət daşıyırsan. Mən hansı yalan məlumatı yaymışam? Hansı formada şərəf və ləyaqətini aşağılamışam? Özü də şikayətində yazdığı kimi, demişəm ki, AXCP-nin siyasi xəttinə zidd davranışlarına, hakimiyyətlə əməkdaşlığına görə partiyanın Rəyasət Heyətinin 19 iyun 2019-cu il tarixli qərarı ilə uzaqlaşdırılıb. Aydın Əliyev İctimai Nəzarət Koalisiyası adlı bir quruma üzv olub. Bu qurumun yaydığı məlumat və fotolardan da görünür. O təşkilatın mərkəzi ofisində Heydər Əliyev Muzeyi, İlham Əliyev guşəsi var. “Hakimiyyətlə əməkdaşlıq edir” deməyim onun şərəf və ləyaqətini aşağılayır? Bu cür yanaşmanın özü minlərlə adamı təhqir eləməkdir. Çünki bu hakimiyyətlə əməkdaşlıq edən minlərlə adam var. Deməli, bunun özü hesab edir ki, hakimiyyətlə əməkdaşlıq etmək təhqirdir".

Əli Kərimliyə qarşı şikayətdə Aydın Əliyevin böhtan kimi qiymətləndirdiyi fikirlərdən biri də onun məhkəmə qərarı ilə zorla partiyaya qaytarılmasıdır. Əli Kərimli bunun da həqiqət olduğunu deyir:

"Partiyada insanlar həmfikirləri, əqidə yoldaşları ilə birlikdə olmaq istəyir. Bu gün partiyada bir nəfər də Aydın Əliyevi orada görmək istəmir. Amma məhkəmə qərar verir ki, bərpa olunmalıdır. Məhkəmə icraçılarının bizə göndərdiyi xəbərdarlıq məktubları var. Birində yazır ki, “bərpa eləməsəniz, məhkəmə qərarının icra olunmamasına görə inzibati və cinayət məsuliyyəti daşıyırsınız”. Başqa bir məktubda yazır ki, “qərar icra olunmasa, əmlakınız siyahıya alınacaq”. Bu, zorla bərpa olunmaq deyilsə, bəs nədir? Müxalifət liderini cəzalandırma üçün hüququ, qanunları ayaqlar altına atıblar. Mən də bilirəm ki, hansı sifariş gəlsə, siz də onu icra edəcəksiniz. Bu qədər absurd olmaz".

Aydın Əliyevin vəkilinə etibarnamə verməsi və digər problemləri həll etməsi üçün məhkəmə prosesi avqustun 26-a qədər təxirə salınıb.

AXCP bəyanatında bildirib ki, bundan Aydın Əliyevin şikayətləri əsasında Nəsimi Rayon Məhkəməsi AXCP-nin axırıncı qurultayının qərarlarını (o cümlədən Əli Kərimlinin AXCP sədri seçilməsi haqda qərarı) ləğv edib.

"Bakı Apellyasiya Məhkəməsi partiyanın fəaliyyətinin dayandırılması barədə iddiaya baxmağa başlayıb. Hakimiyyət buna qədər də Əli Kərimliyə qarşı dəfələrlə cinayət işi başladıb. Bir neçə dəfə məhkəmələrdəki ifadələrlə təsdiq olunub ki, həbs edilmiş müxtəlif şəxslərdən işgəncə yolu ilə Əli Kərimlinin əleyhinə saxta ifadə almaq istəyiblər. Əli Kərimli dəfələrlə rejimin fiziki zorakılığına məruz qalıb (ən ağırı 19 oktyabr 2019-cu ildə razılaşdırılmamış yürüş-mitinq zamanı olub), onun 18 ildir vətəndaşlıq pasportu verilmir, 4 ildir internet və mobil telefon xidmətindən istifadəsi məhdudlaşdırılıb, özü daimi təqib və izləmə altındadır" - deyə, bəyanatda qeyd edilir.

AXCP sədri Əli Kərimli ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən Aydın Əliyev Amerikanın Səsinə iddiasını təsdiq edib.

O bildirib ki, AXCP sədri bilə-bilə müxtəlif internet televiziya kanallarında və nəşrlərdə ona böhtan atıb. Aydın Əliyev müxtəlif zamanlarda iddia edib ki, "Əli Kərimli sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, əslində partiya daxilində sərt diktatura rejimi yaradıb".

Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb.

Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

AXCP özünə qarşı bu repressiv addımları qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı "absurd məhkəmə təqiblərini" dərhal dayandırmağı tələb edir.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, bütün vətəndaşların qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG