Accessibility links

Vəkildən cinayət işi ilə bağlı şahid qismində ifadə alıblar


Fariz Namazlı
Fariz Namazlı

Vəkil Fariz Namazlı avqustun 31-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, üç saatdan sonra sərbəst buraxılıb.

Fariz Namazlı bildirib ki, bir cinayət işi üzrə şahid qismində dindirilib, amma hansı iş olduğu açıqlamayıb.

“Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən axşam saat 9-da olduğum yerdən idarəyə aparılmışam və burada bir cinayət işi ilə bağlı şahid qismində ifadə vermişəm. Həmin cinayət işi ilə bağlı hər hansı məlumat verə bilməyəcəm, amma görünən odur ki, artıq yeni istiqamətə keçiblər. Ümid edirəm ki, mənim axşam, iş vaxtından sonra heç bir səbəb göstərilmədən idarəyə aparılmağım barədə Vəkillər Kollegiyasının rəhbərliyi və Baş Prokurorluğu məlumatlandırıblar. Çünki bu faktiki olaraq tutulmağa bərabərdir və vəkil tutulduqda dərhal həmin qurumlara məlumat verilməlidir. Digər tərəfdən, vəkilləri də artıq şahid qismində dindirməyə cəhd edirlər, bu da onların peşə fəaliyyətinin keyfiyyətli şəkildə həyata keçirməsinə mane olur”, o Facebook səhifəsində qeyd edib.

Xatıraldaq ki, vəkil dövlətə xəyanətdə təqsirləndirilən talış tədqiqatçısı İqbal Əbilovun hüquqlarını müdafiə etdiyi məhkəmə iclasından bir neçə saat sonra saxlanılıb.

Eyni ittihamla gənc tədqiqatçı Bəhruz Səmədov 10 gün əvvəl həbs olunub.

Bu günlərdə Namazlı Facebook hesabında yazıb ki, indi Azərbaycanda sübut və dəlil olmadan istənilən şəxsi dövlətə xəyanət ittihamı ilə həbs edə bilərlər.

Vəkil Fariz Namazlı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan bir çox fəalların, jurnalistlərin, dindarların müdafiəsində iştirakı ilə tanınır.

Forum

XS
SM
MD
LG