Accessibility links

İlham Əliyev: AŞPA üzvlərinin səfərinə qadağa Azərbaycanın təşkilata qayıdışından sonra aradan qaldırılacaq


AŞPA yaz sessiyası
AŞPA yaz sessiyası

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək.

Bu barədə AZƏRTAC Dövlət agentliyi sentyabrın 6-da Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavabına istinadən məlumat yazıb.

“Bu ilin yanvarında baş verənlər qırmızı xətti keçdi. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”, İlham Əliyev deyib.

Məlumatda, Pezident Əliyev Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarının adekvat olduğunu qeyd edib.

“Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, İlham Əliyev əlavə edib.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın yanvar ayındakı sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”, nazirliyin mətbuat katibi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin Azadlıq radiosuna tənqidi müsahibəsinə münasibət bildirərkən deyib.

Almaniyanın AŞPA-dakı deputatlarından olan Frank Şvabe avqustun 23-də dərc olunan müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə əlavə edib ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri də daxil olmaqla Azərbaycana verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycanın nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos rəsmi Bakının bir sıra AŞPA üzvlərini “arzuolunmaz şəxs” elan etməsinə münasibət bildirib. Russopulos bu addımın yalnız əks nəticə verə biləciyini deyib.

“Bu, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini daha da çətinləşdirən təəssüf doğurucu siqnaldır. Üzv dövlətlər demokratiya standartlarına hörmətlə bağlı öhdəlik götürüblər. Vicdanına uyğun olaraq səs verənlərin qara siyahıya salınması yalnız əks nəticə verə bilər”, Russopulos qeyd edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.

AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi, o cümlədən fevral ayında baş tutan prezident seçkilərinə qurumun dəvət edilməməsi ilə əlaqələndirib.

Forum

XS
SM
MD
LG